“Real” UEFA-nı məhkəməyə verir
08.01.2009 - 20:32
“Real” UEFA-nı məhkəməyə verir
İspaniyanın “Real” klubu UEFA-nı məhkəməyə vermək qərarına gəlib. Apasport.az saytının məlumatına görə, Madrid təmsilçisi İsveçrənin Lozanna şəhərində qərarlaşan İdman Arbitraj məhkəməsinə müraciət etməyə hazırlaşır. Buna səbəb ispanların UEFA-nın əsasnaməsini ədalətsiz saymasıdır.

Məsələ burasındadır ki, “kral klubu” bu yaxınlarda transfer etdiyi Lassana Diarra və Klaas Yan Huntelardan birinin xidmətindən Çempionlar Liqasında məhrum olması ilə barışmır. Yarışların əsasnaməsinə görə, klubların qış transfer dövründə üç oyunçunu sifariş vərəqinə əlavə etmək hüququ var ki, onlardan da biri cari mövsümdə digər komanda ilə avrokuboklarda oynamış ola bilər. Diarra “Portsmut”, Huntelar isə “Ayaks”ın heyətində UEFA kubokunda çıxış etdiyindən “Real” onlar arasında seçim etməlidir.

UEFA rəsmisi Rob Folkner isə ispanların etirazını əsassız sayır: “Biz “Real”ı hər iki futbolçunu sifariş edə bilməyəcəyi ilə bağlı məlumatlandırmışdıq. Onlar bu iki oyunçudan birini seçməlidirlər. Biz mübahisənin nədən qaynaqlandığını başa düşmürük. Qaydalar var və bu hamı üçün eynidir”.

Qeyd edək ki, UEFA yalnız son illər klublara başqa komandada oynamış bir oyunçunu sifariş etməsinə icazə verib. Əvvəllər heç bir oyunçu bir avrokubok mövsümündə iki komandada çıxış edə bilmirdi.
0