“Kocaelispor”un dərdinə əlac tapıldı
09.01.2009 - 10:49
“Kocaelispor”un dərdinə əlac tapıldı
Azərbaycan yığmasının və “Neftçi”nin futbolçusu Rəşad Sadıqovun baxışda olduğu Türkiyənin “Kocaelispor” komandası maliyyə problemlərini həll etmək üzrədir. Apasport.az saytının məlumatına görə, Kocaeli təmsilçisinin prezidenti Serhan Gürkan futbolçularla görüş zamanı maddi məsələdə irəliləyiş olduğunu bildirib.

Belə ki, ciddi maliyyə problemi ilə üzləşən “Kocaelispor” Böyükşəhər Bələdiyyəsindən maddi dəstək alacaq. Gürkan mövsümün qalan hissəsində onlara 3 milyon türk lirəsi (təxminən 1,93 milyon ABŞ dolları) məbləğində yardım edilməsi ilə bağlı vəd alıb.

Klub prezidenti sponsor tapmasına baxmayaraq, Türkiyə Futbol Federasiyasına şikayət edən bəzi futbolçularla yollarını ayıra biləcəklərini, əvəzində yeddiyə yaxın yeni transfer reallaşdıracaqlarını bildirib. Onun sözlərinə görə, baş məşqçi postuna dəvət olunan Engin Korukirlə razılığa gələ bilmədiklərindən 3-4 mütəxəssislə danışıqlar aparılır.

Qeyd edək ki, bir həftədir “Kocaelispor”da baxışdan keçən Sadıqovla il yarımlıq müqavilə bağlanılacağı gözlənilir.
0