“Qəbələ” Gürcüstan yığmasının qapıçısını sınayır
09.01.2009 - 11:24
“Qəbələ” Gürcüstan yığmasının qapıçısını sınayır
“Qəbələ” klubu baxışa daha iki legioner çağırıb. Apasport.az saytının məlumatına görə, qapıçı və hücumçu axtarışında olan qəbələlilər bu mövqedə çıxış edən gürcü Mirza Merliani ilə rusiyalı Qurban Əliyevə dəvət göndəriblər.

1,85 metr boya malik 29 yaşlı Mirzanın son klubu Gürcüstan “Olimpi”si olub. Qapıçı bu komandanın heyətində ötən il “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku” turnirində iştirak edib. Karyerası boyu vətənində “Torpedo”, “Tiflis”, “VİT Corciya” və “Arsenal” klublarının şərəfini qorumuş Merliani Litvanın “Vetra” komandasında da oynayıb.

2000-ci ildə Gürcüstanın olimpiya yığmasının heyətində yer alan qapıçı Azərbaycan çempionları Georgi Adamiya və Valeri Abramidze ilə komanda yoldaşı olub. Mirzanın inamlı oyunu Gürcüstan milli komandasının yeni baş məşqçisi Ektor Kuperin də diqqətini cəlb edib. Belə ki, argentinalı mütəxəssis ötən ilin noyabrın 19-da Rumıniya yığması ilə keçirilən yoldaşlıq görüşündə qapıçıya şans verib.

“Qəbələ”nin baxışa çağırdığı digər əcnəbi futbolçu isə vaxtilə ölkəmizdə çıxış edib. Qusarın “Şahdağ” klubunun şərəfini qorumuş 26 yaşlı hücumçu Qurban Əliyev əslən dağıstanlıdır. O, son illərdə Rusiyanın Premyer Liqa təmsilçisi Samaranın “Krılya Sovetov” klubunun düşərgəsində olub.

Qeyd edək ki, birinci dövrədən sonra 9 futbolçunu transferə çıxaran “Qəbələ”də baxışda olan digər oyunçular müdafiəçilər Azər Bağırov, estoniyalı Aleksandr Kulik, serbiyalı Miodraq Stefanoviç, yarımmüdafiəçilər Rəhman Əzizov, moldovalı Anatoli Ostap və hücumçular estoniyalı Nikolay Losanovla polşalı Tomaş Stolpadır.
0