İker Kasilyas 2008-ci ilin ən yaxşı qapıçısıdır
09.01.2009 - 11:32
İker Kasilyas 2008-ci ilin ən yaxşı qapıçısıdır
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2008-ci il üçün dünyanın ən yaxşı qapıçılarının siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, İspaniya milli komandasının və “Real” klubunun üzvü İker Kasilyas planetin ən yaxşı qapıçısı hesab olunub.

İFFHS-in hər ölkədən 2 nümayəndəsinin səs verdiyi sorğuda ötən il Avropa çempionu olan 28 yaşlı futbolçu 249 xal toplayıb. Kasilyas bu ada layiq görülən ilk ispan qapıçı kimi tarixə düşüb. İndiyədək nəinki ispaniyalılar, ümumiyyətlə Primeroda çıxış edən qapıçılar bu sorğuda qalib gəlməmişdilər.

Səsvermənin nəticələrinə görə ikinci yeri Canluici Buffon (İtaliya, “Yuventus”) 170, üçüncü pilləni isə Edvin van der Sar (Hollandiya, “Mançester Yunayted”) 143 xalla tutub. Ümumilikdə isə respondentlər 16 qapıçıya səs veriblər ki, onlardan da 3-ü bu il Bakıya gələ bilər. Belə ki, dünya çempionatının seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibləri Almaniya və Rusiya bu siyahıda təmsil olunub. Rusiyalılar İqor Akinfeyev 5-ci, Vyaçeslav Malafeyev 15-ci yerdədirsə, alman Rene Adler 13-cü pillədə qərarlaşıb. Daha bir alman Yens Lemann isə İFFHS-in sorğusunun nəticələrinə əsasən dünyada 9-cu sıradadır. Lakin yığma karyerasını bitirmiş Lemannın milli komandamıza qarşı çıxış etməyəcəyi dəqiqdir.

Qeyd edək ki, 1987-ci ildən keçirilən sorğuda hamıdan çox Buffon qalib gəlib. İtaliyalı son 6 ildə 4 dəfə (2003-cü, 2004-cü, 2006-cı və 2007-ci illərdə) dünyanın ən yaxşı qapıçısı seçilib.
0