Polşa çempionatının bürünc mükafatçısı rəsmən “Bakı”da
09.01.2009 - 11:55
Polşa çempionatının bürünc mükafatçısı rəsmən “Bakı”da
Azərbaycan milli komandasının müdafiəçisi Saşa Yunisoğlunun karyerasını “Bakı” klubunda davam etdirəcəyi rəsmiləşib. Apasport.az saytının məlumatına görə, 24 yaşlı futbolçu bu gün klub rəhbərliyi ilə rəsmi müqavilə imzalayıb. Razılaşmanın müddəti 1,5 il nəzərdə tutulub.

Saşa indiyədək ölkəmizdə “Şərur”, “Xəzər Universiteti”, “Neftçi”, “Bakılı”, “MKT-Araz” klublarında çıxış edib. Son il yarımı Polşanın “Qrotslin” (indiki “Poloniya”) klubunda keçirən müdafiəçi oyun praktikasının azlığından komandanı tərk etməyə qərar verib. Yunisoğlu azad agent statusuna malik olduğu üçün “Bakı” rəhbərliyi ona görə təzminat ödəməyib. Futbolçu ötən mövsüm “Qrotslin”in heyətində Polşa çempionatının bürünc mükafatçı olub.

Qeyd edək ki, bu, dövrələrarası fasilədə “Bakı”nın ikinci transferidir. Paytaxt təmsilçisi öncə yığmamızın digər futbolçusu, 36 yaşlı yarımmüdafiəçi Mahmud Qurbanovu heyətə cəlb edib.
0