Federasiya prezidenti Gəncənin imkanlı şəxslərini köməyə çağırdı
09.01.2009 - 13:24
Federasiya prezidenti Gəncənin imkanlı şəxslərini köməyə çağırdı
Yeni yaradılan Gəncə Futbol Federasiyasının prezidenti, Gəncə Avtomobil Zavodunun direktoru Xanlar Fətiyev AFFA-nın rəsmi İnternet saytına müsahibə verib. Apasport.az saytı son 3 ildə Gəncə futbolunun milli çempionatdan kənarda qalmasını, ölkəmizin ikinci şəhərində “idmanın şahı”nın iflic vəziyyətdə olmasını nəzərə alıb, federasiya prezidentinin müsahibəsini təqdim edir.


- Gəncədə futbolun son illər böhran içərisində olmasından xəbəriniz varmı?
- Əlbəttə. Bu, yalnız gəncəliləri deyil, ümumilikdə futbol ictimaiyyətini çox narahat edən bir məsələdir. Bilirsiniz ki, Gəncə istər SSRİ dövründə, istərsə də ölkəmiz müstəqillik qazandıqdan sonra özünəməxsus futbol ənənəsinə malik şəhər olub. Gəncənin Azərbaycan futbolunda böyük yeri var. Bunu hamı bilir. Gəncə futbolu bir çox oyunçular yetişdirib. Şəhərdə futbolun daha çox kütləviləşməsi təxminən ötən əsrin 50-ci illərinin sonuna təsadüf edir. Həmin illərdə SSRİ Futbol Federasiyası ikinci dəstədə Azərbaycan klublarının sayını artırmağı qərara almışdı. O vaxt Gəncəni «Toxucu» təmsil edirdi. Sonra klubun adını dəyişib «Dinamo» qoydular. 1962-ci ildə komandamız «Neftçi»yə və Kiyev «Dinamo»suna qalib gələrək, ölkə kubokunun 1/4 final mərhələsinə çıxmaqla şəhərin nüfuzunu SSRİ məkanında daha da artırmışdı. 1965-ci ildə «Dinamo» adı altında komandamız SSRİ çempionatının birinci, 3 il sonra isə yüksək dəstəsinə vəsiqə qazanmışdı. Bu sadaladıqlarım hələ keçmiş ittifaq dövründə qazanılan uğurlardır. Vətənimiz müstəqillik qazandıqdan sonra da şəhərdə futbol yeni inkişaf dövrünə qədəm qoydu. «Kəpəz» 3 dəfə qızıl medalları qazanmaqla «Neftçi»dən sonra Azərbaycan çempionu adına ən çox layiq görülən ikinci klubdur. 1995, 1998 və 1999-cu illərdə qazanılan çempionluqlardan savayı, «Kəpəz» 4 dəfə də ölkə kubokunu Gəncəyə gətirib. Təbii ki, bu mükafatların müqabilində komandamız Azərbaycanı Çempionlar Liqasında, UEFA kubokunda və Kuboklar Kubokunda təmsil edib. Bütün bu faktlar onu göstərir ki, Gəncənin komandası «Neftçi»dən sonra Azərbaycanı ən layiqli təmsil edən klub idi. Şəhərin futbol məktəbləri neçə-neçə oyunçular yetişdirib. İndi burada futbolun olmaması hamımızın ürəyini ağrıdır. Amma inşallah, AFFA və şəhər rəhbərliyinin köməkliyi ilə tezliklə ölkənin ikinci ən böyük şəhərində futbol ənənəsini yenidən bərpa edəcəyik.

- Bu sadaladıqlarınız keçmişdə qalan xoş xatirələrdir. Amma son illər şəhərdə futbol ənənəsindən demək olar ki, əsər-əlamət qalmayıb. Yəni işə sıfırdan başlamalı olacaqsınız. Sizcə, bu, çətin olmayacaq ki?
- Xeyr, mən deməzdim ki, vəziyyət siz dediyiniz qədər acınacaqlıdır. Bəli, bu gün Premyer Liqada və birinci dəstədə şəhəri təmsil edən komandamız yoxdur. Amma «Xəmsə» adlı klubumuz həvəskarlar dəstəsində çıxış edir və bu günlərdə kuboka sahib çıxıb. Bundan başqa, şəhərdə uşaq futbol məktəbləri fəaliyyət göstərir. İnşallah, AFFA və şəhər rəhbərliyinin köməkliyi ilə yeni layihələr həyata keçirməyi planlaşdırmışıq. Buraya məktəblərdaxili, məktəblərarası şəhər çempionatının təşkili də daxildir. Çünki indiki halda, Gəncə futbol məktəblərində yetişən istedadları üzə çıxarmaq üçün bundan yaxşı variantımız yoxdur. Ötən ilin aprelində Gəncədə “Top festivalı” keçirildi. Bilirsiniz ki, bu, Bakıdan sonra keçirilən ikinci “Top festivalı” idi. Paytaxtdan sonra məhz Gəncəni seçdiklərinə görə, AFFA və Gəncə şəhər rəhbərliyinə minnətdarlığımı bildirirəm. Müsabiqəyə şəhər əhalisinin nə qədər maraq göstərdiyinin şahidi olduq. Bundan savayı, “Top festivalı” şəhərdə kifayət qədər istedadlı yeniyetmənin olduğunu üzə çıxardı. Biz bu cür istedadların sıradan çıxmamaları üçün bir sıra tədbirlər həyata keçirəcəyik. Bugünlərdə AFFA rəhbərliyi regionlarda istedadlı uşaq və yeniyetmələrin ortaya çıxarılması üçün yeni qərar verdi və ilk şəhər kimi Gəncə seçildi. Assosiasiyanın təyinatı ilə seleksiyaçı-məşqçi Təbriz Həsənov yanvarın 12-də Gəncəyə gələcək və fəaliyyətə başlayacaq. Çox istəyirik ki, əvvəlki illərdə olduğu kimi, gələcəkdə də milli komandaların heyətlərində Gəncə futbol məktəbinin yetirmələri oynasınlar. Bu, həm bizim, həm də ümumilikdə Azərbaycan futbolunun fəxri olar.

- Yəqin ki, nəzərdə tutduğunuz layihələri həyata keçirmək və ümumiyyətlə, şəhərdə futbolu yenidən dirçəltmək üçün müəyyən miqdarda maliyyə vəsaitinə ehtiyac duyulacağını bilirsiniz. Bu sahədə problem yaşamayacaqsınız?
- Təbii ki, bilirik. Bir vaxtlar Gəncə klubları ən yaxşı maliyyə dayağı olan klublardan idi. Amma sonradan sponsor olmadığı üçün şəhəri təmsil edən klub ölkə çempionatına qatılmadı, komandanın futbolçuları dağıldı, stadion demək olar ki, nəzarətsiz qaldı. Lakin fikrimcə, Müzəffər Qasımov, Vəli Qasımov, Vidadi Rzayev, Xaliq Mərdanov, Faiq Cabbarov, Mahmud Qurbanov kimi futbolçuları yetişdirən Gəncə futbolu yenə də o cür istedadları Azərbaycan futboluna bəxş etməyə hazırdır. Bunu tam əminliyimlə deyirəm. Bilirsiniz ki, sponsor tapmaq məsələsi bir qədər çətindir. Amma bu işdə AFFA rəhbərliyinə çox inanırıq. Assosiasiya prezidenti Rövnəq Abdullayevin bu məsələ ilə şəxsən məşğul olmasından xəbərdarıq. Bu günlərdə Rövnəq müəllim ilin yekunları ilə bağlı AFFA-da keçirilən mətbuat konfransında da bəyan etdi ki, artıq kluba himayədar tapılıb və növbəti mövsümdən etibarən birinci dəstədə mübarizəyə qoşulacaq. Bütün bunlar bizi çox sevindirir və gələcəyə nikbin baxmağa sövq edir. Üzümü Gəncənin imkanlı şəxslərinə tutub, şəhərdə futbolun yenidən dirçəldilməsi üçün köməkliklərini əsirgəməmələrini xahiş edirəm. Çünki bu elə bir işdir ki, gərək hamımız əl-ələ verib, ortaya sanballı nəticə qoyaq.

- Qeyd etdiniz ki, görüləcək işləriniz çoxdur. Bəs əvvəlcə nədən başlayacaqsınız?
- Həqiqətən də, Gəncədə və ətraf şəhər, rayonlarda futbolu yenidən dirçəltmək üçün çox işləmək lazımdır. Planlarımız arasında uşaq və yeniyetmələr arasında turnirlərin təşkilinin olduğunu dedim. Amma işimiz bununla bitmir. Federasiyanın nəzarət etməli olduğu bölgələrdəki stadionlarda monitorinq aparılacaq və hansı vəziyyətdə olduqları müəyyən ediləcək. Bərpaya ehtiyac olan stadionları bərpa etdirəcək, yüksək təlabat olan ərazilərdə isə yeni meydançalar saldırmağa çalışacağıq. Ümumiyyətlə, gələcəklə bağlı planlarımız çoxdur və biz bütün işləri kompleks şəkildə həyata keçirəcəyik. Hər bir işdə həm assosiasiya və şəhər rəhbərliyinin, həm də maddi imkanı yaxşı olan gəncəlilərin köməyinə arxalanacağıq.
0