Mahmud Qurbanov: Həmişə özümü özümə sübut etmək istəmişəm
09.01.2009 - 13:38
Mahmud Qurbanov: Həmişə özümü özümə sübut etmək istəmişəm
“İnter”dən gedəndən sonra mənim xəbərim olmadan adım bir sıra klublarımızın ətrafında hallanırdı. Ancaq əslində, real təklif yalnız “Bakı”dan idi və sonda bu variantı dəyərləndirdim. Maddi şərtlər məni razı saldığı üçün yarım illik müqavilə imzaladım”. Bunu apasport.az saytına açıqlamasında “Bakı” klubunun yeni transferi Mahmud Qurbanov deyib.

Yığmamızın da şərəfini qoruyan 36 yaşlı yarımmüdafiəçinin sözlərinə görə, paytaxtın eyniadlı komandasını seçməsində baş məşqçi amili böyük rol oynayıb: “Bakı”nın makedoniyalı çalışdırıcısı Qyoko Hacievski ilə əməkdaşlığımızın uğurlu olacağına inanıram. Yığmada yeganə qolumu bu məşqçinin rəhbərliyi altında səfərdə Finlandiyanın qapısına vurmuşam. “İnter”də qalmaq, hətta karyeramı bu komandada bitirmək istəyirdim. Mənimlə yollarını ayırmalarına baxmayaraq, onlardan narazı deyiləm”.

Doqquz dəfə ölkə çempionu tituluna yiyələnən Mahmud Azərbaycanın ən titullu futbolçusudur. Eyni zamanda, o, milli çempionatımızda hamıdan çox oyun keçirib - 366 matç. Lakin Qurbanov karyerasını yaxın vaxtlarda bitirməyi düşünmür. Təcrübəli oyunçu 10-cu çempionluğunu “Bakı” ilə qazanmaq iddiasındadır: “Təki ayağım “Bakı”ya da düşərli olsun. Ancaq hər şey Allahın əlindədir. Sözsüz ki, “Bakı” ilə də çempion olmaq istəyirəm və bunun üçün əlimdən gələni əsirgəməyəcəm. Yeni komandada mövqeyimdə çıxış edən futbolçuların çox olduğunu bilirəm. Fikrimcə, bu baxımdan ciddi problem olmayacaq. Çünki rəqabətdən çəkinmirəm və meydana çıxıb, komandama kömək etməyə hazıram. Mən həmişə özümü ilk növbədə özümə sübut etmək istəmişəm”.
0