“Neftçi” islahatlara başlayır: legionerlər ikinci komandaya göndərilir
10.03.2009 - 18:35
“Neftçi” islahatlara başlayır: legionerlər ikinci komandaya göndərilir
Bakının “Neftçi” klubu iki futbolçusunu ikinci komandaya göndərib. Apasport.az saytının məlumatına görə, müdafiəçilər Con Tamburas və Co Kendrik əvəzedici heyətlə məşq edəcək. Komandanın 18 nəfərlik iştirak ərizəsinə düşməyən avstraliyalı və irlandiyalı arxa xətt oyunçuları formalarını itirməmək üçün “Neftçi-2”də hazırlıq keçəcək.

Ancaq bu, o demək deyil ki, Tamburasla Kendrik əsas komandadan birdəfəlik kənarlaşdırılıb. “Neftçi”nin bəzi futbolçularının ara-sıra əvəzedici heyətdə məşq etməsi, hətta meydana çıxması halları müşahidə olunub. Təkcə cari mövsümdə Rəşad Sadıqov, Georgi Adamiya, Aleksandr Çertoqanov, Suat Usta, Samir Əliyev “Neftçi-2”də yer alıb.

Qeyd edək ki, Tamburasla Kendrik “Neftçi”nin az öncə istefaya göndərdiyi alman baş məşqçi Hans-Yurgen Gedenin qış fasiləsində transfer etdiyi futbolçulardır. Gedeni müvəqqəti olaraq baş məşqçi postunda əvəzləyən Böyükağa Ağayev İrlandiyanın “Droheda” klubundan gələn bu oyunçulara “Simurq”la Azərbaycan Premyer Liqasının son turunun matçında “18-liy”ə daxil etməmişdi.
0