“Bakı” hakimə tüpürən futbolçu ilə bağlı AFFA-ya şikayət etdi
14.03.2009 - 12:38
“Bakı” hakimə tüpürən futbolçu ilə bağlı AFFA-ya şikayət etdi
“Bakı” rəhbərliyi braziliyalı hücumçusu Vilyam Roşa Batista ilə bağlı AFFA-nın İntizam Komitəsinin çıxardığı qərara apelyasiya verib. Bu haqda apasport.az saytına məlumat verən klubun vitse-prezidenti Zeynal Məmmədov assosiasiyanın Apelyasiya Komitəsinə rəsmi müraciət etdiklərini bildirib.

İntizam Komitəsinin çıxardığı qərara əsasən, Batista “Xəzər-Lənkəran”la Azərbaycan kuboku uğrunda 1/4 final mərhələsinin cavab görüşündə hakimə tüpürdüyündən, 6 oyunluq cəzaya və 5000 manatlıq cəriməyə məruz qalıb. Məmmədov bu faktı təkzib edir: “Batista hakimə tüpürməyib. O, bunu əminliklə deyir. Futbolçumuz harada tüpürdü, kim onu gördü? Oyunu 4 kamera çəkib, ancaq bunların heç birində Batistanın hakimə tüpürməsi faktı yoxdur. Belə olan halda, belə ağır cəzaya məruz qalmağımızın səbəbi nədir? Hakim oyunun protokoluna çox şey yaza bilər. Ancaq əlbəttə ki, bunu sübuta yetirmək lazımdır”.

Vitse-prezident hadisələrin belə cərəyan etməsində hakimi daha çox günahlandırır: “Futbolçumuzu yıxırlar, o da meydanın kənarında betonun üstünə düşür. Yan xətt hakimi isə bu epizodda cərimə zərbəsini təyin etmək əvəzinə aut işarə edir. Batista da bu səbəbdən özündən çıxaraq, hakimə etirazını bildirib. Hakim həmin epizodda qayda pozuntusunu qeydə alsaydı, belə həngamə də olmayacaqdı. Çıxarılan qərardan şikayətçiyik və apelyasiya ərizəmizə cavab gözləyirik”.
0