Rusiya - Azərbaycan oyunu saat 14:00-da başlayacaq
18.03.2009 - 10:27
Rusiya - Azərbaycan oyunu saat 14:00-da başlayacaq
Dünya çempionatının seçmə mərhələsində martın 28-də keçiriləcək oyunda Azərbaycan milli komandasının rəqibi olan Rusiya yığmasının matç öncəsi proqramı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Rusiya Futbol İttifaqı (RFİ) və məşqçilər korpusunun razılığı əsasında rəqibimiz iki məşqi açıq xarakter daşıyacaq. Rusiyalıların martın 24-ü və 25-də Bakı vaxtı ilə saat 18:00-da keçirəcəyi hazırlıqlar təkcə jurnalistlər deyil, həm də azarkeşlər üçün açıq olacaq. Məşqi izləyənlər üçün C tribunasına girişin açıq olması nəzərdə tutulub.

Bundan başqa, Rusiya yığması digər tədbirlər də keçirəcək. Belə ki, ayın 26-da baş məşqçi Qus Hiddink və yığmanın bir neçə oyunçusu Mərkəzi Uşaq Klinik xəstəxanasını ziyarət edəcək. Oyun günü saat 12:00-da isə millinin veteran futbolçusu Viktor Onopko diqqət mərkəzində olacaq. Matçın keçiriləcəyi Moskvanın “Lujniki” stadionunun 6-cı meydançasına çıxacaq sabiq kapitan İxtisaslaşdırılmış İnternat-məktəblərinin uşaqları üçün master-klass nümayiş etdirməlidir. RFİ-nın mətbuat katibi Andrey Malosolov bu tədbirin iştirakçısı olanların, həmçinin daha 200 uşağın pulsuz biletlə təmin olunacağını bildirib.

Martın 28-də saat 14:00-da isə Rusiya – Azərbaycan qarşılaşmasının start fiti veriləcək. Lakin 4 saat sonra başlayacaq milli komandaların görüşündən əvvəl “Lujniki”nin 6-cı meydanına çıxan yığmalar iki ölkənin azarkeşlərindən ibarət komandaları olacaq. AFFA və RFİ rəhbərliyinin də bu matçı izləyəcəyi planlaşdırılıb.
0