Hacıyev: Azərbaycan yığması Moskvaya xal verməyə gəlmir
18.03.2009 - 10:56
Hacıyev: Azərbaycan yığması Moskvaya xal verməyə gəlmir
“Azərbaycan milli komandasının Moskvaya xal verməyə gələcəyini düşünmək lazım deyil”. Apasport.az saytının məlumatına görə, bu sözləri rusiyalı mütəxəssis Hacı Hacıyev deyib.

Ötən mövsüm “Saturn” klubunda çalışan və daha çox “Anji”yə rəhbərlik etməsi ilə tanınan təcrübəli məşqçi martın 28-də keçiriləcək Rusiya – Azərbaycan oyunu ərəfəsində Qus Hiddinkə haqq qazandırıb. Belə ki, Hacıyev hollandiyalı həmkarının Azərbaycan və Lixtenşteynlə görüşlərdə çağırdığı heyəti ən düzgün variant kimi dəyərləndirib: “Bundan sonra istənilən rəqiblə keçirəcəyimiz oyunda 100 faizli nəticə göstərməliyik. Dəfələrlə zəif yığmaların dünyanın aparıcı komandalarını məğlub etməsinin şahidi olmuşuq. Hiddink də ən düzgün varianta üstünlük verərək, bərkə-boşa düşmüş futbolçuları heyətə cəlb edib. Yoxlama matçı olsaydı, hər hansı yeni oyunçunu dəvət etmək olardı. Belə qarşılaşmaya isə gərək çağırılan futbolçulardan üstün olan parlaq şəxsiyyət çıxsın ki, onu da dəvət etsinlər”.

Qeyd edək ki, Hiddink martın 28-də keçiriləcək Rusiya – Azərbaycan oyununa 22 futbolçu çağırıb.
0