AFFA-nın cəzalandırdığı hakim 80 min manat təzminat istəyir
18.03.2009 - 12:07
AFFA-nın cəzalandırdığı hakim 80 min manat təzminat istəyir
“AFFA-nın Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovdan 80 min manat təzminat tələb edəcəyəm. Məbləğ bundan artıq da ola bilər. Hər halda, konkret rəqəmlə bağlı son qərarı məhkəmə çıxaracaq”. Bu fikirləri apasport.az saytına açıqlamasında hakimlikdən kənarlaşdırılan FİFA referisi Babək Quliyev deyib.

İddia ərizəsi hazır olan 35 yaşlı beynəlxalq dərəcəli hakim AFFA-ya göndərdiyi sorğuya cavab gözləyir: “Xaqanini məhkəməyə vermək fikrim qüvvədə qalır. Sadəcə, bunun üçün haqqımda çıxarılan qərarın bir nüsxəsini əldə etməliyəm. Artıq bundan sonra məhkəməyə müraciət edə bilərəm. Müstəqil dövlətin vətəndaşıyam və haqqımda çıxarılan qərarı almağa ixtiyarım çatır. Əgər qərar verilməsə, bununla bağlı mətbuat konfransı keçirməyi planlaşdırıram”.

Quliyev təzminatın 80 min manat olmasına da aydınlıq gətirib: “Məbləği vəkilimlə məsləhətləşib, təyin etmişəm. Haqqımda deyilənlər mənə mənəvi, fiziki baxımdan da xətər yetirib. Son günlərdə sağlamlığımda problemlər yaranıb və həkimə müraciət etmişəm. Müayinə göstərib ki, qanımda şəkər, təzyiqim qalxıb. İnsanın keçirdiyi stress, əsəb gərginliyi nəticəsində elə xəta baş verə bilər ki, heç bu məbləğ də itirilən sağlamlığın yerini verə bilməz. Məhkəməyə həkimdən arayış aparmaq fikrindəyəm. Son sözü artıq hakim deyəcək”.

FİFA hakimi adını təmizə çıxarmaq üçün sonadək mübarizə aparmaq iddiasındadır: “Haqqımda deyilənlər, çıxarılan qərar elə-belə şeylər deyil. Guya, klublarla işbirliyinə girmişəm ki, bu da adımın rüşvət almaqda hallanması deməkdir. Bunları sübut etmək lazımdır. Gətirib rüşvəti ortaya qoysunlar, göstərsinlər ki, bunu nə vaxt, kimdən almışam. Mənim də öz arqumentlərim var. Haqqımda çıxarılan qərar qanunsuzdur, haqqımda deyilənləri təsdiqləyən heç bir sübut, dəlil yoxdur və yüz faiz günahsızam. Başqa söhbət ola bilməz”.

Qalib gələcəyinə əmin olan Quliyev Məmmədova növbəti mesajını göndərib: “Mənə qarşı ciddi ittiham irəli sürülüb. Bu, bir damğadır. Həmin damğanın nə olduğunu Xaqani Məmmədov yaxşı bilir. Bu, AFFA-nın Hakimlər Komitəsinin sədri olduğu müddətdə də onun üzərində qalıb”.
0