Hamı Superliqaya qarşı
18.03.2009 - 12:08
Hamı Superliqaya qarşı
UEFA nümayəndələri Avropa klublarının Superliqa yaradacağı ilə bağlı xəbəri təkzib edib. Apasport.az saytının məlumatına görə, İtaliya və Fransa jurnalistlərinin qitə təmsilçilərinin üç diviziondan ibarət yarış təşkil edəcəyi ilə bağlı yaydığı xəbər həqiqəti əks etdirmir. Bunu açıqlayan UEFA rəsmilərindən biri cinlə şeytanı qarışdırmamağı tövsiyə edib: “Bir var nəzəriyyə, bir də var reallıq. Bu iki şeyi qarışdırmaq lazım deyil. Superliqa ideyası həyata keçirilməkdən uzaqdır. UEFA prezidenti Mişel Platini həmişə dialoqlara açıqdır və qitə turnirlərinin keçirilmə sisteminin yaxşılaşdırılması tərəfdarıdır. Lakin onun bu məsələyə öz baxışları var. Və mətbuatda yazıldığının əksinə olaraq, o, heç vaxt Superliqa ideyasını dəstəkləməyib”.

Almaniyanın məşhur “Bild” nəşri də məsələyə biganə qala bilməyib. Həmkarlarımız oxucularına məsələyə münasibət bildirmək imkanı yaradıb. Artıq 5 minə yaxın azarkeşin qatıldığı sorğuda adi insanların da Superliqa əleyhinə çıxdığı görünür. Belə ki, davam etməkdə olan sorğuda məsələyə münasibət bildirənlərin 65 faizi Çempionlar Liqasının, digər 35 faizi isə bu turniri əvəzləməsi iddia olunan Superliqanın keçirilməsini istəyir.
0