Foqts: Rusiya yığması Arşavin və Pavlyuçenkodan ibarət deyil
18.03.2009 - 18:32
Foqts: Rusiya yığması Arşavin və Pavlyuçenkodan ibarət deyil
Bu gün Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts jurnalistlər üçün brifinq keçirib. Apasport.az saytının məlumatına görə, 63 yaşlı almaniyalı mütəxəssis martın 28-də Moskvada dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində Rusiya ilə keçiriləcək oyunun hazırlığından, qarşıya qoyulan məqsəddən və perspektiv planlardan söz danışıb.

- Qarşıdakı oyuna hazırlıq necə gedir?
- Hazırlıqdan çox razıyam. Futbolçular məşqdə bütün bacarıqlarını göstərməyə çalışırlar. Onlar əziyyət çəkirlər. Görürəm ki, məşq etmək, oynamaq istəyirlər.


- Milli komandamızda heyətlə bağlı hansısa problem, çatışmazlıq varmı?
- Yox. Heç bir problem, çətinlik yoxdur.

- Bəs psixoloji planda necə, problemlər mövcuddur?
- Yığma üzvləri həftəsonu çempionatda oynayacaqlar. Buna görə də psixoloji problemdən danışmaq olmaz. Gələn həftənin birinci günü yenidən bir araya gələcəklər. O zaman psixoloji hazırlıqlarının necə olduğunu görəcəyəm.

- Rusiya ilə görüşdə qarşınıza hansı məqsəd qoymusunuz, hədəfiniz nədir?
- Dünyanın ən yaxşı komandalarından birinə qarşı mübarizə aparacağıq. Biz özümüzü yaxşı tərəfdən göstərmək istəyirik. Orada hər şey mümkündür.

- Oyun günü Moskvada hava şaxtalı, qarlı olacaq. Bu, nəticəyə təsir göstərə bilərmi?
- Çətin olmayacaq. Hava şəraiti nə rusların, nə də bizim oyunumuza təsir göstərəcək.

- Bir müddət öncə Rusiya yığmasının baş məşqçisi Qus Hiddink həm də “Çelsi”də analoji postu tutub. Rusiya Futbol İttifaqının rəhbərliyi bildirir ki, seçmə mərhələdə növbəti rəqiblər zəif olduğundan Hiddinkə icazə verilib. Yəni, Azərbaycan və Lixtenşteynə qarşı görüşlər çətin olmayacaq. Bu fikri necə şərh edərdiniz?
- Bu, Rusiya Futbol İttifaqının və Hiddinkin öz işidir.

- Arşavin və Pavlyuçenkonu saxlamaq üçün üsul tapmısınız?
- Mənə elə gəlir ki, Rusiya komandasında bu 2 nəfərdən başqa, daha 9 oyunçu çıxış edəcək.

- Amma onlardan ən təhlükəlisi, problem yaradanı Arşavinlə Pavlyuçenkodur.
- Rusiya yığması çox güclü kollektivdir. Avropa çempionatının bürünc mükafatçısının heyətində təkcə bu 2 futbolçunun adını çəkmək düzgün olmazdı.

- Kamran Ağayevin səhhəti necədir? O, oynamayacağı təqdirdə, qapını kimə həvalə edəcəksiniz?
- Kamran həm burada, həm də Almaniyada tibbi müayinədən keçib, müalicə olunub. Onun Rusiya ilə matçda oynayıb-oynamayacağı martın 23-də müəyyənləşəcək. Gələn həftənin birinci gününü gözləyək.

- Foqts baş məşqçi postunda 1996-cı ildə Almaniya yığmasına Avropa çempionatında qızıl medal qazandırıb. Azərbaycan futbolunun inkişafı üçün nə edə bilərsiniz?
- Biz daha çox işləməli, məşq etməliyik. Məqsədimiz odur ki, yaxın 3-4 ildə Azərbaycan futbolunun səviyyəsini beynəlxalq standartlara çatdıraq.

- Buna ümidiniz nə dərəcədədir?
- Azərbaycanda yaxşı cavan futbolçular çoxdur. İnkişafa 1-2 günün içində nail olmaq mümkün deyil. Buna vaxt lazımdır. İşimizi davam etdirərək, bu yolla irəli gedəcəyimizə inanıram.
0