AFFA Berti Foqtsla müqaviləni nə vaxt uzadacaq?
19.03.2009 - 00:20
AFFA Berti Foqtsla müqaviləni nə vaxt uzadacaq?
AFFA rəhbərliyi milli komandanın baş məşqçisi Berti Foqtsla müqaviləni uzadıb-uzatmamasını müzakirə etməyib. Bu barədə apasport.az saytına açıqlama verən assosiasiyanın baş katibi Elxan Məmmədov bildirib ki, bu məsələ hələ gündəmdə deyil. Onun sözlərinə görə, buna zamanı gələndə baxılacaq: “Foqtsun gələcək taleyi ilə bağlı hələ müzakirələr yoxdur. O, mütəmadi hesabat verir. Foqts AFFA-nın son konfransında çıxış etdi. AFFA rəhbərliyi bunları nəzərə alıb. Ancaq müqaviləni uzadıb-uzatmamaq haqda fikirləşmirik”.

Məmmədov bildirib ki, Rusiya ilə martın 28-də Moskvada keçiriləcək rəsmi oyunda Foqtsun qarşısına xüsusi tapşırıq qoyulmayıb: “2008-ci il göstərdi ki, yığmamız daha sabit oyun göstərir. Bəli, məğlubiyyətlər də olur, komandamız heç-heçə də edib, qələbə də qazanıb. Hər halda, millimiz ötən bir qoldan az buraxmayıb ki, bu, artıq müsbət haldır. Komandaya çox inanırıq. Futbolun inkişafı təbliğatdan çox asılıdır. AFFA-nın son konfransında göstərilən video çarxda milli komanda haqda da göstərildi. Xüsusi jurnal buraxmışıq və ikinci dəfə hesabat hazırlanıb. Bu, tarixdə qalır. Jurnala baxanlar müqayisə edib, inkişafın şahidi ola bilər”.

Qeyd edək ki, ötən ilin aprelində yığmamızın baş məşqçisi təyin edilən 63 yaşlı Foqtsun müqaviləsi cari seçmə mərhələnin sonunda başa çatır.
0