Azərbaycan yığması Hiddinki istefaya göndərə biləcəkmi?
19.03.2009 - 16:28
Azərbaycan yığması Hiddinki istefaya göndərə biləcəkmi?
Qus Hiddinki Rusiya yığmasından Azərbaycan milli komandası yola sala bilər. Apasport.az saytının məlumatına görə, holland məşqçi bu ilin noyabrında ruslarla əməkdaşlığını dayandırmaq variantı haqda düşünür. Ötən ay Luis Felipe Skolari istefaya göndərildikdən sonra Londonun “Çelsi” klubunun sükanı arxasına keçən Hiddink böyük təzyiq altında olduğunu bəyan edib.

Hiddink mayda “Çelsi”dən ayrılaraq, bütün diqqətini Rusiya yığmasına yönəldəcəyini desə də, indi başqa fikrədir: “İnsanlar mənə deyir ki, “Çelsi” haqda fikirləş və qal. Ruslarla işləməkdən zövq alıram. Ancaq mənim Rusiya Futbol İttifaqı ilə bağladığım müqavilədə belə bir maddə var ki, orada da noyabrda yığma ilə əməkdaşlığımın dayandırılmasının mümkünlüyü göstərilib. Bu, Rusiya yığmasının dünya çempionatının final mərhələsinə çıxmayacağı halda reallaşacaq. Onda Rusiya Futbol İttifaqı digər məşqçini seçə bilər və bu zaman işimdən azad olunacağam”.

Qeyd edək ki, ruslar cari seçmə mərhələdə son oyununu bu ilin oktyabrın 14-də milli komandamızla keçirəcək. Bakıda baş tutacaq həmin görüşlə şimal qonşularımızın taleyinə aydınlıq gələ bilər. Yığmamız Rusiyanı 2010-cu ildə Cənubi Afrika Respublikasında keçiriləcək dünya çempionatının final mərhələsindən kənarda qoyacağı halda, Hiddinki yola salmış olacaq. Ruslar qarşıdakı rəsmi matçını martın 28-də Moskvada millimizlə keçirəcək.
0