Abdullayev və Kvaratsxeliya: Sizi birləşdirən nədir?
20.03.2009 - 00:12
Abdullayev və Kvaratsxeliya: Sizi birləşdirən nədir?
Azərbaycan Premyer Liqasının XIX turunda görüşəcək “Standard” və “Olimpik” klublarını birləşdirən məqamlar yetərincədir. Apasport.az saytının məlumatına görə, əsas məqam Bakı təmsilçilərinin baş məşqçiləri Badri Kvaratsxeliya ilə Əsgər Abdullayevlə bağlıdır.
Hər iki mütəxəssis Gürcüstanda anadan olub, futbolda ilk addımlarını da orada atıblar. 49 yaşlı Abdullayev 70-ci illərin sonunda “Neftçi” klubuna dəvət olunub və həmin vaxtdan Bakıda yaşayır. Kvaratsxeliya əslən gürcü olsa da, onun da ölkəmizlə yaxından bağlılığı var.

Belə ki, futbolçu kimi ən yaxşı vaxtlarını Azərbaycan keçirən Badri iki dəfə ölkə çempionu olub (“Kəpəz” və “Şəmkir”lə) və elə karyerasına da burada son qoyub. 44 yaşlı veteran hücumçu Abdullayevin çalışdırdığı “Şəfa” ilə görüşlərdə qol vurmaq bacarığını nümayiş etdirib. Kvaratsxeliya sonradan milliləşdirildiyi üçün Azərbaycan vətəndaşlığını daşıyan pasport əldə edib. Maraqlısı isə odur ki, Badri məhz Əsgər Abdullayev yığmanın baş məşqçisi olduğu vaxtda milliləşdirilərək cəlb olunub.

Gürcü futbolçu milli komandamızda debüt matçına Abdullayevin rəhbərliyi altında, Bakıda 2000-ci ilin iyununda həmyerliləri ilə yoldaşlıq görüşündə çıxıb. Gürcüstan yığması ilə Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən həmin matç qolsuz heç-heçə ilə nəticələnib. Kvaratsxeliyanın futbolçu karyerasını bitirdikdən sonra da Abdullayevlə işbirliyi olub. Belə ki, Abdullayev “Bakı”nı çalışdırdığı vaxtda Badri menecer kimi fəaliyyətdə olaraq, həmyerlilərinin keçidində vasitəçi idi. Konkret olaraq, hazırda da Abdullayevin rəhbərliyi altında oynayan “Olimpik”in gürcü yarımmüdafiəçi Aleksandr Qoqoberişvilinin 4 il öncə ölkəmizə gəlişində Kvaratsxeliya təşəbbüskar olub.

“Standard”la “Olimpik” arasında aparılması mümkün olan paralellər təkcə baş məşqçilərlə bağlı deyil. Hər iki paytaxt təmsilçisi ev oyunlarını icarəyə götürdüyü “Şəfa” stadionunda keçirir. “Standard”ın qapıçısı və eyni zamanda kapitanı olan Hüseyn Məhəmmədov “Olimpik”in ilk kapitanı kimi tarixə düşüb. “Standard”ın digər qapıçısı Amil Ağacanov, habelə sahə oyunçuları Natiq Əkbərov, Arif Daşdəmirov, Vüqar Quliyev, Zaur İsmayılov vaxtilə “Olimpik”də oynayıb.

Son üç oyundur qələbə seriyasını davam etdirən Kvaratsxeliyanın komandası üçün qarşıdakı görüş böyük əhəmiyyət kəsb edir. “Standard” hesabına növbəti üç xalı yazmaqla, həm “Olimpik” üzərində ilk qələbəsini qazanmış olacaq, həm də turnir cədvəlində rəqibini qabaqlaya bilər.
0