Valentin Xodukin: Müsəlmanların bayramını mən də qeyd edirəm
20.03.2009 - 00:28
Valentin Xodukin: Müsəlmanların bayramını mən də qeyd edirəm
“Novruz bayramı ilə bağlı mənə təbrik mütləq düşür. Çünki müsəlmanlara aid olan bu bayramı mən də keçirirəm”. Bu fikirləri apasport.az saytına açıqlamasında Bakının “İnter” klubunun baş məşqçisi Valentin Xodukin deyib.

Dörd ildir ölkəmizdə yaşayan 70 yaşlı ukraynalı mütəxəssis hələ vətənində çalışdığı müddətdə Novruz bayramı haqda məlumatı olduğunu söyləyib: “Həyat yoldaşım Xaçmazdandır. Hərbçi olan qayınatam orada qulluq edib. Hələ Ukraynada yaşadığım vaxtda Novruz bayramı haqda məlumatım vardı və bunu keçirirdik. Həyat yoldaşım bu bayramla bağlı sovqatları hazırlamağı bacarır. Aş bişirir, müxtəlif növ şirniyyatlar, o cümlədən paxlava hazırlayır. Fərq ondadır ki, sizin şirniyyatlarda qoz, bal çox olur. Biz isə daha çox biskvit məhsullarına üstünlük veririk. İstənilən halda, mən şirniyyatı çox xoşlayıram. Elə nəvəm də. Buna görə də Novruz bizim üçün əlamətdar bayramdır”.

Xodukin Novruzun digər bayramlardan fərqləndiyini etiraf edir. O, bildirib ki, Novruzun gəlişi ilə təbiət sözün əsl mənasında oyanır: “Güllər açır, ağaclar tumurcuqlanır, hər tərəf yaşıllaşır. Novruzun əsas rəmzlərindən olan səməni də süfrəmizdə yer alır. Novruzun martın 20-də saat 20:45-də qədəm qoyduğunu da bilirəm. Martın 21-də Premyer Liqanın növbəti turu çərçivəsində “Turan”la səfər oyunumuz var. Bu axşam Tovuza yollanırıq. İş elə gətirdi ki, Novruzun gəlişini orada qarşılayacağıq. Mən artıq komandanın üzvlərini bayram münasibəti ilə təbrik etdim. Fürsətdən istifadə edib, Azərbaycan xalqını da Novruzun gəlişi ilə əlaqədar təbrik edirəm. Bizim bayramda ən yaxşı hədiyyəmiz Tovuzda qələbə olacaq. Düzdür, bunu əldə etmək heç də asan deyil. Bakıya qayıdandan sonra bayramı ailəmlə birgə keçirəcəyəm”.
0