Hacıyevski və Xodukin UEFA-nın diqqət mərkəzində
19.03.2009 - 18:58
Hacıyevski və Xodukin UEFA-nın diqqət mərkəzində
Azərbaycan Premyer Liqasında cari mövsümün qalibi olmağa əsas namizədlər “Bakı” və “İnter” klublarının baş məşqçiləri UEFA-nın rəsmi İnternet saytına müsahibə veriblər. Apasport.az saytının məlumatına görə, makedoniyalı mütəxəssis Qyoko Hacıyevski (“Bakı”) və onun ukraynalı həmkarı Valentin Xodukin (“İnter”) çempionatda favorit olmalarını yaxşı komanda yaratmaları, geniş heyətə malik olmaları ilə əsaslandırıblar.

İkinci dövrədə qələbə seriyasını davam etdirən Hacıyevski hər şeyin öz əllərində olduğunu bildirib. “Bakı”nın 54 yaşlı çalışdırıcısı “Xəzər-Lənkəran”ın onlarla xal fərqinin elə də az olmasına baxmayaraq, çempionluq uğrunda “İnter”lə mübarizə aparacaqlarını qeyd edib. Hacıyevski “İnter”də yarımmüdafiəçilər Elvin Məmmədov, Petar Zlatinov, Andrey Rubin, hücumçular Valter Quqlemon, Avqusto Andaveris, Xodukin isə “Bakı”da Amiran Muciri, Georgi Adamiya və Fabio Luis Ramimdən çəkinir: “Komanda ilk növbədə orta sahəsi ilə seçilir. Yaradıcı futbol oynayan “Bakı” rəqibin istənilən səhvindən bacarıqla istifadə edir”.

Bundan başqa, Xodukin “Turan” və “Neftçi” ilə qarşıdakı görüşlərdən maksimum xal yığmağın vacibliyini söyləyib. 70 yaşlı məşqçinin fikrincə isə “Xəzər-Lənkəran”dan ehtiyatlanmağa dəyər: “Hadisələrin müəyyən axarı nəticəsində bu komanda hələ özü haqqında çox söz etdirə bilər. Ancaq digər komandalar artıq çempionluq yürüşündən kənarda qalıblar”.

Əcnəbi mütəxəssislər legioner limitinə də münasibət bildiriblər. Hacıyevski deyib ki, AFFA legioner limitini klubların öz heyətlərini gücləndirə bilməsi üçün ləğv edib: “Bu, eyni zamanda çempionata olan marağı artırmalıdır. Fikrimcə, hələ bir-iki il limiti götürmək lazım deyil”. Xodukin də elə özünün əcnəbi olmasına baxmayaraq, AFFA-nın çıxardığı qərarı dəstəkləyir: “Bu qərarın düzgün olmasını Türkiyənin “Kocaelispor” klubuna keçən Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov da təsdiqləyir. Fikrimcə, güclü azərbaycanlı futbolçu rəqabət olsa da, əsas heyətə düşə biləcək. İnsanlar həyatda nəsə qazanmaq üçün özlərini təsdiqləməlidirlər”.

Azərbaycanda daxili yarışlara azarkeş marağının az olması hər iki məşqçi üçün üzücü məqamdır. Yalnız yığmanın oyunlarında stadiona çox adamın gəldiyini deyən Hacıyevskinin sözlərinə görə, tədricən bu problem aradan götürüləcək. O, klub və yığmanın uğuru sayəsində azarkeşlərin marağının artacağını bildirib.

Hacıyevski hazırkı heyətlə Çempionlar Liqası və UEFA kubokunda ən azı iki mərhələ adlamaq şanslarının olduğunu və yayda bu məqsədlə iki səviyyəli futbolçu alacaqlarını söyləyib. Xodukinə gəlincə, o bildirib ki, buna nail olunması daha çox püşkdən asılıdır. ÇL-də sıçrayışla uğura nail olmağı qeyri-mümkün hesab edən “İnter”in çalışdırıcısı hələ ötən yay bu vəzifəni yerinə yetirməyə yaxın olduqlarını vurğulayıb: “Ən azı iki mərhələ adlamaq üçün əməli iş görülməlidir. Hətta vətənimdə Kiyev “Dinamo”su və “Şaxtyor” kimi klublar turnirin qrup mərhələsinə heç də asanlıqla düşmürlər”.

Qeyd edək ki, “Bakı” çempionatın sonuna 8 tur qalmış “İnter”i 1 xal qabaqlayır.
0