Nazim Süleymanov Viktor Onopko ilə birgə
23.03.2009 - 10:59
Nazim Süleymanov Viktor Onopko ilə birgə
Azərbaycan milli komandasının sabiq kapitanı Nazim Süleymanov Moskvada “master- klass” keçirəcək. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, veteran hücumçumuz məşhur rus futbolçu Viktor Onopko ilə birgə öz bacarığını göstərəcək. Milli komandamız 2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində növbəti rəsmi oyununu martın 28-də Moskvada “Lujniki” stadionunda Rusiya yığması ilə keçirəcək. Bu matçdan əvvəl həmin gün saat 12:00-da “Lujniki”nin 6-cı meydançasında hər iki millinin azarkeşləri arasında yoldaşlıq görüşü olacaq. AFFA ilə Rusiya Futbol İttifaqı arasında əldə olunan razılığa əsasən həmin oyun 44 yaşlı Süleymanovla 42 yaşlı Onopkonun “master-klass” göstərməsi ilə başlayacaq. Hər iki tanınan futbolçu Rusiya çempionu olub.

Qeyd edək ki, hazırda “Bakı-2” komandasını çalışdıran Nazim Süleymanov millimizin azarkeşlərdən ibarət yığmasının baş məşqçisi olacaq. Komandamızın bir neçə oyunçusu - Ziya Babayev, Ürfan Tağızadə, Elxan Səmədov, Asim Əlikişibəyov, Zaur Hacı-Məhərrəmov, Fuad Muxtarlı, Azad Tağıyev Bakıdan, qalanları Rusiyada yaşayan azarkeşlərimiz olacaq. Süleymanov isə baş məşqçi olmaqla yanaşı, həm də futbolçu kimi komandamıza kömək edəcək.
0