Hiddink: Azərbaycan zəngin tarixə və mədəniyyətə malikdir
27.03.2009 - 12:20
Hiddink: Azərbaycan zəngin tarixə və mədəniyyətə malikdir
Rusiya milli komandasının baş məşqçisi Qus Hiddink Moskvada azərbaycanlı jurnalistlərə müsahibəsi

- Milli komandanın ev oyunlarını keçirdiyi Azərbaycanın əsas stadionunun kimin şərəfinə adlanmasını bilirsiniz?
- Yox. Kimin şərəfinə?

- Hakim Tofiq Bəhramovun. Bu ad sizə məlumdur?
- Bəhramov? Bəli, bu adı xatırlayıram. Bəhramov 1966-cı il dünya çempionatının finalında İngiltərə - Almaniya görüşündə Herstin zərbəsini hesaba alan məşhur yan xətt hakimidir. Əgər hafizəm məni yanıltmırsa, o, həmin matçı uzun məşq şalvarında idarə edib.

- Futbol hakimlərinin şərəfinə adlanan başqa stadionlarla bağlı nümunələri bilirsiniz?
- Yəqin ki, yox. Bu, çox qeyri-adidir. Arenalar adətən ölkənin, yaxud hansısa əfsanəsinin – futbolçu, məşqçi, prezidentinin şərəfinə adlanır. Ancaq hakimlər də futbolun ayrılmaz hissəsidir. Şübhəsiz ki, Bəhramovun həmin qərarı onu əfsanə edir.

- Necə düşünürsünüz, Herstin həmin qolunu hesaba almaq düzgün idi?
- Görürsünüz, təkcə indi yox, həmin vaxt da futbolda həlledici qərarları qəbul etmək üçün videokamera lazım idi. Bəhramov düz idi, yoxsa səhv, bunu indiyə qədər heç kim bilmir. Digər tərəfdən, tarixə fəlsəfi cəhətdən baxsaq, indiyə kimi artıq 40 ildir topun qapı xəttini keçib-keçmədiyini müzakirə edirik. Əgər hakimlərin sərəncamında videokamera olsaydı, indi heç kim bunu xatırlamazdı da. Və məşhur futbol əfsanələrindən biri olmazdı. Hərçənd, düzünə qalsa, mən bir məşqçi kimi vacib qərarların müəyyənləşdirilməsi zamanı videokameranın olmasına üstünlük verərdim. İnsanın görmə qabiliyyəti mükəmməl deyil. Həm baş, həm də yan xətt hakiminə bir saniyənin içində düzgün qərar qəbul etmək heç də asan deyil.

- Nə vaxtsa Azərbaycanda olmusunuz?
- Hələlik bu, mənə nəsib olmayıb. Təəssüf ki, bu ölkə haqda çox şey bildiyimi deyə bilmərəm. Fikrimcə, ölkəniz zəngin tarixə və mədəniyyətə malikdir. Şübhəsiz ki, Bakıdakı cavab görüşü öncəsi Azərbaycan haqda daha çox şey öyrənməyə çalışacağam. Bu, məni həm peşəkar, həm də insani nöqteyi-nəzərdən maraqlandıracaq.

- Azərbaycan 2008-ci il seçmə mərhələ çərçivəsində Finlandiyanı məğlub etdi. Bu, onu deyir ki, bu komandanı Avropanın “futbol cırtdanı” adlandırmaq olmaz?
- Bəli, deyir. Azərbaycan heç də Avropanın zəif komandaları sırasına daxil deyil. Mən buna Finlandiya ilə seçmə mərhələ çərçivəsində oyunu izləyərkən əmin oldum. Azərbaycan milli komandasının oyunu çox yaxşı təşkil olunmuşdu. Onlar finlərə çoxlu problem yaratdı. Finlandiya yığmasının heyəti isə Avropanın yaxşı çempionatlarında çıxış edən futbolçulardan təşkil olunub. Azərbaycanın çoxlu texnikalı futbolçuları var. Ən əsası, komandanın çox təcrübəli və nüfuzlu məşqçisi var. Berti Foqts futbolçu karyerası dövründən yaxşı tanınır. O, məşqçi kimi nadir adamlara məxsus olan uğura nail olub – Avropa çempionluğunu qazanıb. Foqts istənilən beynəlxalq oyunda nəticəni necə qazanmağı yaxşı bilir ki, bu da bizə heç də az olmayan çətinlik yaradacaq. Qələbə qazanmaq üçün meydanda düzgün şeylər etməli, özümüzə məxsus sürətli futbol oynamalıyıq. Əks halda, bizi çox ağır gözləyir. Azərbaycanla oyuna daha bir sıradan matç kimi yanaşmaq olmaz.

- Azərbaycan futbolunun rəhbərlərinin Foqts kimi məşqçini dəvət etmək bacarığı federasiyanın ciddi niyyətindən xəbər verir?
- Bəli, mən də belə fikirləşirəm. Mən Foqtsla bir neçə dəfə söhbət etmişəm. Onunla isti münasibətlərimiz var, bir-birimizə hörmətlə yanaşırıq. Foqts danışırdı ki, onu milli komandadan başqa bu ölkədə futbolun inkişaf etməsi qayğılandırır. Bu, futbolçuların öyrədilməsi, hazırlanması, skaut kimi işlərdir. Eynən belə vəziyyətdə məndə Rusiyada da var. Foqts futbolu sevir, bu isə həmişə vacibdir. O, elə insanlardan deyil ki, futbola mane olan nəsə digər maraqlara can atır.
0