FİFA Moldova - İsveçrə oyununu araşdırır
31.03.2009 - 11:52
FİFA Moldova - İsveçrə oyununu araşdırır
2010-cu il dünya çempionatının seçmə qrup mərhələsində keçirilmiş Moldova - İsveçrə görüşü FİFA-da şübhə oyadıb. Apasport.az saytının məlumatına görə, martın 28-də Kişinyovda baş tutan oyunda qonaqlar 2:0 hesablı qələbə qazanıb.

İsveçrənin Moldova üzərində qələbəsinə pul qoyuluşlarının sayının çox olması, futbol məmurlarının şübhələrinə səbəb olub. Belə ki, əvvəl isveçrəlilərin qələbəsinə əmsal 1,7 – 1,8 idisə, matç günü bu, 1,27-ə düşüb. Belə olan halda, bukmekerlər qonaqların qələbəsinə pul qoyuluşlarının sayının artmasına reaksiya göstəriblər. İlkin məlumata görə, Rusiyada bu oyuna pul qoyuluşlarının ümumi məbləği 1 milyon avronu ötüb.

Rusiyada Bukmekerlərin Milli Assosiasiyası əvvəldən xəbərdarlıq sisteminin iştirakçısı kimi, pul qoyuluşlarının gözlənilməz yüksək həcmi ilə bağlı FİFA-ya məlumat verib. Ali futbol qurumunun mənzil-qərargahının yerləşdiyi Sürixdə Moldova – İsveçrə oyunu ilə araşdırmaya başlanılmağa qərar verilib.

Qeyd edək ki, ölkəmizdə çıxış edən iki futbolçu Moldova yığmasının heyətində yer alıb. Müdafiəçilər – Sergey Laşenkovla (“Olimpik”) Aleksey Savinov (“Bakı) isveçrəlilərlə görüşdə 90 dəqiqə meydanda olub. Laşenkov həmin oyunda kapitan sarğısını daşıyıb, Savinov isə 64-cü dəqiqədə sarı vərəqə alıb.
0