Ramin Musayev: “Bakı” etiraz etməkdə haqlıdır”
07.04.2009 - 18:27
Ramin Musayev: “Bakı” etiraz etməkdə haqlıdır”
“Olimpik” - “Bakı” oyununun nəticəsinin ləğv olunması ilə qərar qəbul etməyə səlahiyyətim çatmır. Buna AFFA-nın Apelyasiya və Ekspert Komitəsi baxıb, qərar verəcək”. Bu fikirləri apasport.az saytına açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev deyib. “Bakı” Azərbaycan Premyer Liqasının son turunda “Olimpik”lə oyundan sonra həm hakimliklə bağlı haqsızlıqla üzləşdiyinə, həm də rəqibin futbolçuları – Mahir Şükürovla Junivan Suares “Fair play” prinsipinə əməl etmədiyi üçün PFL prezidenti və AFFA-nın baş katibi Elxan Məmmədovun ünvanına rəsmi müraciət göndərib. Paytaxt təmsilçisi hakimin oyunun nəticəsinə təsir edən qərarlar qəbul etməsini və qərəzli idarəçiliyini əsas gətirərək, görüşün təkrar keçirilməsi üçün apelyasiya şikayətinə baxılmasını xahiş edib. Musayev narazılığını bildirməyə ixtiyarı olan “Bakı”nın şikayətini dəstəkləyir: “Bakı”nın etirazını düzgün sayıram. Komandanın baş verənlərlə bağlı narazılığı haqlıdır. “Olimpik”in futbolçuları “Fair play” qaydalarına əməl etməli idi. Bu, yazılmamış qanundur və hamı üçün eynidir”.

AFFA-nın İntizam Komitəsinin bu gün keçirdiyi iclasında “Olimpik” – “Bakı” (2:1) görüşünün baş hakimi Zöhrab Qədiyevin Mahir Şükürovun rəqib futbolçu Ernad Skuliçə qarşı kobudluğa görə göstərdiyi sarı vərəqə ləğv olunub. Belə ki, oyunun videoyazısında Şükürovun rəqibini bilərəkdən vurduğu üçün hakim tərəfindən ona göstərilmiş sarı qırmızı vərəqə ilə əvəzlənib. Nəticədə Mahir iki oyunluq cəzaya və 2000 manat cəriməyə məruz qalıb. İntizam Komitəsinin çıxardığı qərara görə Hakimlər Komitəsi oyunu idarə edən hakimlər haqqında lazımi ölçü götürüb, ona məlumat verməlidir. Elə PFL prezidenti də hakimliklə bağlı cəzanın olacağına işarə vurub: “Yəqin ki, cəza olacaq. Hər halda, bu məsələyə AFFA-nın Hakimlər Komitəsi baxıb, qərar çıxaracaq”.
0