“Heç vaxt şöhrət dalınca qaçmamışam”
08.04.2009 - 17:59
“Heç vaxt şöhrət dalınca qaçmamışam”
“Bakı” klubunun gürcü futbolçusu Georgi Adamiyanın apasport.az saytına müsahibəsi

- “Olimpik” klubu ilə “Şəfa” stadionunda keçirilən oyun sizin üçün Azərbaycan Premyer Liqasında 100-cü oyun idi...
- Doğrudan? Mən bunu bilmirdim. Niyə bu haqda mənə əvvəl xəbər vermədiniz?

- Bunu desəydik, oyuna daha yaxşı köklənəcəkdiniz?
- Elə olsaydı, meydana daha böyük stimulla çıxardım. Ola bilsin ki, oyunum daha yaxşı alınardı. İstənilən halda, 100-cü görüşü keçirmək xoşdur.

- Ümumiyyətlə, yubiley matçını keçirmək gözlənilməz olmadı ki?
- Gözlənilməz deyəndə ki, 4 ildən artıqdır Azərbaycanda çıxış edirəm. Açığı, oyunlarımı saymıram, statistikaya diqqət yetirmirəm. Ancaq 100-cü matçımın bu mövsümə təsadüf edəcəyini haradasa gözləyirdim. Bu haqda mənə məlumat verdiyimizə görə sizə minnətdaram.

- Çempionatımızda debüt oyununuzu xatırlayırsınız?
- Xatırlayıram. “Şəmkir”lə səfər oyunu idi. Həmin görüşdə şərəfini qoruduğum “Neftçi” 2:1 hesabı ilə qələbə qazandı, mən də qollardan birini vurdum.

- Axı, siz “Neftçi”nin “Şəmkir”lə oyununadək “Bakı” ilə görüşdə iştirak etmişdiniz. Debütünüz elə indiki komandanıza qarşı olub.
- Bir dəqiqə, dəqiq yadıma salım... Hə, düz deyirsiniz. “Bakı” ilə oyun yadıma düşdü. Mən bir az tələsdim və debütümə qələbə, vurduğum qolla başladığımı söylədim. Azərbaycan çempionatından öncə “Neftçi”nin heyətində “Birlik kuboku”da uğurla çıxış etmişdik. Komandam finala qədər yüksəlmişdi, mən isə 6 qolla turnirin bombardiri olmuşdum. Bundan sonra Azərbaycan çempionatının ikinci dövrəsi başladı və mən də çempionatınızda debüt etdim.

- Azərbaycanda ilk oyunu “Neftçi”, 100-cü görüşü isə “Bakı”da keçirdiniz. Taleyin bu gərdişinə necə baxırsınız?
- Bu, futbol həyatıdır. Həmişə bir klubda oynaya bilməzsən axı. Futbolçu karyeran vaxtı yalnız bir komandanın şərəfini qorumaq çox nadir hallarda olur. Bu gün bir komandadasan, sabah başqasında. Hər halda, taleyimdən narazı deyiləm.

- 100-cü oyununuzu məhz “Neftçi”də keçirmək istərdiyinizmi? Yəqin ki, belə yubileyi 4 ildir oynadığınız flaqmanda qeyd edəcəyinizi gözləyirdiniz?
- Bu haqda heç fikirləşməmişəm. “Neftçi” ilə yollarımı ayırsam belə, bu klubun karyeramda xüsusi yeri var. Ən yaxşı illərimi bu komandada keçirmişəm, çempionluq qazanmaqla yanaşı, “Birlik kuboku”nun qalibi olmuşam. Ölkənizə 2005-ci ilin qışında “Neftçi”nin dəvəti ilə gəlmişəm. İkinci dövrədə çıxış etdim və elə debüt mövsümündə Azərbaycan çempionluğuna yiyələndim. Bu, lap əla oldu. “Neftçi” mənim üçün doğma klub olaraq qalacaq.

- Flaqmana qayıtmaq fikriniz yoxdur?
- Bu, məndən asılı deyil. “Bakı” ilə müqaviləm var. Məni bu komandada çox yaxşı qəbul etdilər. Həm klub rəhbərliyi, həm məşqçi, həm də futbolçuların isti münasibətini gördüm. Bunun nəticəsidir ki, “Bakı”ya tez öyrəşdim və uyğunlaşma ilə bağlı ciddi problemim oldu. Hazırda hər şey qaydasındadır.

- Keçirdiyiniz 100 oyun arasında ən uğurlu və uğursuz hansı olub?
- Uğursuz oyun 2007-ci ildə “Neftçi”nin heyətində “Olimpik”lə görüşü sayardım. Çünki həmin mövsüm sona iki tur qalmış lider idik və hər şey öz əlimizdə idi. Təəssüf ki, ilk hissədən sonra hesabda irəli olduğumuz halda, “Olimpik”ə 1:2 uduzduq və çempionluq əldən getdi. Bu, çox üzücü idi. Yadımdadır, həmin matç öncəsi zədəm var idi, Türkiyədə müalicə olunmuşdum. Belə vacib görüşdə komandama kömək göstərmək üçün hətta tam sağalmamış meydana çıxdım.

- Yəqin ki, ən uğurlu oyun kimi 2005-ci ilin iyununda Gəncədə “Xəzər-Lənkəran”la keçirilən görüşü hesab edirsiniz...
- Razıyam. Hər halda, yeganə Azərbaycan çempionluğumu bu oyunda qazandım. Bu oyunda ilk hissədən sonra 0:1 hesabı ilə geridə idik. Ancaq özümüzü toparlayıb, ikinci hissədə iki qol vuraraq, əzmkar qələbə qazandıq.

- Bəs ölkəmizdə vurduğunuz qollar arasında ən yaddaqalanı hansıdır?
- 2006/07 mövsümündə “Karvan”a Tofiq Bəhramov adına Respublika stadionda vurduğum qolu. Həmin görüşdə 3:1 hesabı ilə qələbə qazandıq və mən dubl etdim. “Karvan”ın qapısına vurduğum ikinci qol gözəl alındı.

- Bildiyimə görə, karyeranızda ilk het-triki Azərbaycanda, ötən mövsüm “Standard”la ölkə kuboku uğrunda 1/4 final görüşündə etmisiniz.
- Doğrudur. Buna qədər karyeramda heç vaxt bir oyunda üç qol vurmamışdım. Çempionatda da buna nail olmağa çalışacağam. Yeri gəlmişkən, “Standard”a vurduğum ikinci qol da baxımlı alınıb.

- Yəqin ki, 100-cü oyununuzu qalmaqallı görüşdə qeyd etdiyinizə görə təəssüflənirsiniz. Hər halda, “Olimpik”in “Bakı” ilə görüşdə “Fair play” qaydalarına əməl etmədiyi böyük rezonans doğurub...
- Biz oyuna qalib gəlmək üçün çıxmışdıq və növbəti qələbəmizi qazana bilərdik. Ancaq əfsuslar olsun ki, rəqib belə hərəkət etdi və yekunda uduzduq. Oyuna görə uduzsaydıq, bu, başqa məsələ. Ancaq rəqibin bütün dünyada qəbul olunan “Fair play” qaydalarına riayət etməyərək, qapımıza belə qol vurması təəssüf doğurdu.

- Özü də qolu vuran Junivan Suaresə ötürməni keçmiş komanda yoldaşınız Mahir Şükürov etdi. Onunla vaxtilə “Neftçi”də bir yerdə oynamısınız...
- Düzdür. Açığı, mən Mahirdən belə hərəkət gözləmirdim.

- Bundan sonra liderliyi itirdiniz və indi “İnter”dən 2 xal geri qalırsınız. “Bakı”nın çempionluq şansını necə qiymətləndirirsiniz?
- Şansımız yenə var. Bu oyundan sonra əlimizi yana salmamalı, ruhdan düşməməliyik. Əksinə, qarşıdakı oyunlara ciddi hazırlaşıb, bu uğursuzluğu unutdurmalıyıq. Hesab edirəm ki, “Bakı”nın çempionluq şansı heç də pis deyil.

- Yeni klubunuzda vurduğunuz yeganə qolu ölkə kubokunda “Xəzər-Lənkəran”ın qapısına vurmusunuz. Çempionatda “Bakı”nın heyətində hələ də qol hesabını açmamağınıza səbəb nədir?
- Bunda mövqe dəyişikliyinin təsiri ola bilər. “Bakı”da sağ cinah yarımmüdafiəçisi mövqeyində oynayıram. “Neftçi”də isə yarımmüdafiənin mərkəzində, solunda oynasam da, sağda çıxış etməmişdim. Sağ cinaha uyğunlaşmağım öz sözünü deyir. Hər halda, hücumda oynayanda mənim üçün daha rahat olur.

- Bundan sonra Azərbaycan çempionatında qarşınıza hansı məqsəd qoymusunuz? İndiyədək çempionatda 29 qol vurmusunuz. Oyun kimi qol sayını da 100-ə çatdırmağı nə dərəcədə real sayırsınız?
- 100, 200, yaxud 1000 oyun keçirmək əsas deyil. Əsas komandanın uğurlu çıxışı, qazandığın qələbələrdir. Təbii ki, çoxlu qol vurmaq, 100 qol həddinə çatmaq da yaxşı olardı. Ancaq mənim üçün komandanın uğuru şəxsi göstəricilərdən daha üstündür. Mən heç vaxt şöhrət dalınca qaçmamışam. Azərbaycanda ikinci çempionluğumu “Bakı” ilə qazanmaq yaxşı olardı. Mən bunu çox istəyirəm.
0