“Olimpik” – “Bakı” matçı yenidən keçirilə bilər
08.04.2009 - 19:40
“Olimpik” – “Bakı” matçı yenidən keçirilə bilər
Futbol üzrə Azərbaycan Premyer Liqasında XX turun “Olimpik” – “Bakı” matçı yenidən keçirilə bilər. Apasport.az saytının məlumatına görə, bu haqda lent.az-a açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev deyib.

Onun sözlərinə görə, “Olimpik” klubu rəhbərliyinin PFL-ə müraciət edəcəyi halda reallaşması bu halın mümkündür: “Olimpik” rəhbərliyi “Bakı” ilə yenidən oynamağa razılıq versə, görüşü yenidən keçirmək olar. Bizə müraciət etsələr, onları dəstəkləyər və PFL prezidenti kimi matçın yenidən keçirilməsi üçün AFFA rəhbərliyi qarşısında vəsatət qaldıra bilərəm. Biz futbolumuzun imicinin beynəlxalq aləmdə aşağı düşməməsi məqsədilə təkrar oyun təyin edə bilərik. Niyə elə hər şey məhz bizdə olmalıdır? Mənə elə gəlir ki, “Olimpik”in bu addımı hamı tərəfindən təqdir olunar. Bununla da bütün söz-söhbətlərə son qoyular. Azarkeşlər də deyər ki, halal olsun, kişi kimi çıxdılar, oynadılar. Bəlkə doğrudan da yenə “Olimpik” udacaq?”

R.Musayev AFFA-nın prezidenti Rövnəq Abdullayevin “Olimpik” – “Bakı” matçında baş verən xoşagəlməz olaya reaksiyasından məlumatsız olduğunu bildirib. Lakin o, R.Abdullayevlə bu gün və ya sabah görüşəcəyini açıqlayıb: “Rövnəq müəllimlə görüşdə bu məsələ haqda da söhbətləşəcəyik”.
0