Aqil Məmmədov: Ötən ilin dekabrından “Karvan”da maaş almırıq
09.04.2009 - 11:13
Aqil Məmmədov: Ötən ilin dekabrından “Karvan”da maaş almırıq
“Karvan”ı hələ tərk etməmişəm. Sadəcə, şəxsi işlərimlə əlaqədar hazırda Sumqayıtdayam. Yəqin ki, Premyer Liqanın növbəti turunda “Turan”a qarşı matçda iştirak etməyəcəyəm”. Bu sözləri apasport.az saytına açıqlamasında Yevlaxın “Karvan” klubunun vitse-kapitanı Aqil Məmmədov deyib.

Ötən yay “Neftçi”dən “Karvan”a keçən 37 yaşlı yarımmüdafiəçi komandanın aparıcı futbolçularından sayılır. Maliyyə problemləri yaşayan Yevlax klubunun rəhbərliyi Anatoli Doroş, Alim Qurbanov, Süleyman Kamara və Hisleyn Emo ilə yollarını ayırıb. İndi Aqil Məmmədov və İlham Yadullayev də komandadan getməyə namizəddirlər. Düzdür, Aqil hələ bir qədər də gözləməyi məsləhət bilir: “Karvan”dakı gələcək taleyim hələ məlum deyil. Həqiqətən də klubda maliyyə problemi var. Kimi deyir ki, “Karvan”da belə problem yoxdur? Bu, faktdır və biz dekabrdan bəri maaş almırıq. Sözsüz ki, futbolçu belə vəziyyətdə oyuna yaxşı köklənə bilmir. Komandamızın ikinci dövrədəki uğursuzluğu da bununla bağlıdır. “Turan”la oyundan sonra bir çox məsələlər aydınlıq gələcək”.

Qeyd edək ki, “Karvan” aprelin 12-də Tovuzda “Turan”ın qonağı olacaq.
0