Daha bir baş məşqçiyə qapını göstərdilər
09.04.2009 - 11:25
Daha bir baş məşqçiyə qapını göstərdilər
Dünya çempionatının seçmə mərhələsindəki uğursuz nəticələr daha bir milli komandanın baş məşqçisinin istefası ilə nəticələnib. Apasport.az saytının məlumatına görə, Trinidad və Tobaqo yığmasının çalışdırıcısı Fransisko Maturana tutduğu vəzifədən azad olunub.

Kolumbiyalı mütəxəssisin istefasına milli komandanın seçmə mərhələdə qrup sonuncusu olması, həmçinin məşqçi ilə ölkə futbol federasiyasının rəhbərliyi arasındakı fikir ayrılığının yaranması səbəb göstərilir. Karyerası ərzində bir çox klubları, həmçinin Kolumbiya, Peru, Kosta Rika, Ekvador yığmalarını da çalışdırmış Maturananın uğurları vətəni ilə bağlıdır.

60 yaşlı çalışdırıcı 1990-cı və 1994-cü illərdə Kolumbiya ilə dünya çempionatının final mərhələsində iştirak edib, 2001-ci ildə isə Amerika kubokunu qazanıb. 1993-cü ildə Cənubi Amerikanın ən yaxşı məşqçisi seçilmiş Maturananın istefasından sonra Trinidad və Tobaqo yığmasına oynayan-məşqçi Rassel Latapi rəhbərlik edəcək.

Qeyd edək ki, son bir həftədə İran, Makedoniya, Çexiya və Belçika yığmalarının da baş məşqçiləri istefaya göndərilib.
0