“Olimpik” rəsmilərinin yerində olsaydım, kişi kimi meydana çıxardım”
09.04.2009 - 12:01
“Olimpik” rəsmilərinin yerində olsaydım, kişi kimi meydana çıxardım”
“Olimpik”lə oyunumuz yenidən keçirilə bilər. Hər halda, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev də bunun mümkünlüyü ilə bağlı açıqlama verib. İndi son söz “Olimpik”indir və görək onlar nə qərar verəcək”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun vitse-prezidenti Zeynal Məmmədov deyib.

Çempionluğa iddialı komandanın Azərbaycan Premyer Liqasının son turunda “Olimpik”lə “Şəfa” stadionunda keçirilən görüşü (1:2) hələ də müzakirə olunur. “Bakı” rəqib futbolçular Mahir Şükürovla Junivan Suaresin “Fair play” qaydalarına riayət etməməyi nəticəsində qapısından qol buraxdı və hesab 1:1 oldu. Məmmədovun sözlərinə görə, vaxtilə komandalarını çalışdıran Əsgər Abdullayev oyunun yenidən keçirilməsinə razı olmaz: “Fikrimcə, “Olimpik” rəhbərliyi buna razılıq verər, ancaq Əsgər Abdullayev yox. Çünki o, “Fair play”a üstünlük versəydi, elə oyunda bunu nümayiş etdirərdi. “Olimpik” həmin qolu 51-ci dəqiqədə vurdu. Yəni, görüşün qurtarmasına hələ 40 dəqiqə vaxt qalırdı. Abdullayev meydanda “Fair play” qaydalarının bərpa olunması ilə bağlı yetirmələrinə göstəriş verə bilərdi. Ancaq bunu etməyən baş məşqçi oyunun yenidən keçirilməsinə razılıq verməz. Abdullayevə “Bakı”nı udmaq lazım idi, buna da nail oldu. Bundan sonra oyunun yenidən keçirilməsinə razı olmaz”.

“Bakı”nın vitse-prezidenti “Olimpik”in sonda qərarını verəcəyinə ümidini itirmir. Həmşəhərlilərinə müraciət edən Məmmədov haqq-ədalətin bərqərar olacağına inanır: “Peşəkar Futbol Liqası və AFFA oyunun yenidən keçirilməsinə şərait yaradarlar. Ancaq məsələnin həllini tapması üçün “Olimpik”in rəsmi müraciəti lazımdır. “Olimpik” rəsmilərinin yerində olsaydım, razılığımı verər, adımı batırmazdım. Çıxıb meydana kişi kimi oynayıb, imicimi bərpa edərdim. AFFA-nın və “Olimpik”in Mahir Şükürovun cəzalandırmasından xəbərim var. Ancaq nə bu, nə də futbolçuların rəsmi şəkildə üzr istəməsi yaramıza məlhəm olar. Biz oyunun videoyazısını FİFA və UEFA-ya da göndərmişik. Əgər “Olimpik” oyunun yenidən keçirilməsinə razılığını verməzsə, məsələ qapanacaq. Bununla da onlar səhv olduqlarını göstərəcəklər”.

Qeyd edək ki, 49 yaşlı Abdullayev 2004-2006-cı illərdə çalışdırdığı “Bakı”ya ölkə kubokunu qazandırıb.
0