“Neftçi” – “Xəzər-Lənkəran”: yeni baş məşqçilərin qarşıdurması
10.04.2009 - 16:24
“Neftçi” – “Xəzər-Lənkəran”: yeni baş məşqçilərin qarşıdurması
Azərbaycan Premyer Liqasının XXI turunda sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Neftçi” – “Xəzər-Lənkəran” oyunu yeni baş məşqçilərin qarşıdurması kimi tarixə düşəcək. Apasport.az saytının məlumatına görə, ilk dövrədə Lənkəranda baş tutan oyunda əcnəbi mütəxəssislər iş başında idilərsə, bu dəfə öz məşqçilərimiz görüşəcək.

“Xəzər-Lənkəran”ın türkiyəli baş məşqçisi Rasim Kara ilk dövrədə keçmiş komandası “Qarabağ”a məğlubiyyətdən (1:3) sonra istefa verdi. “Neftçi”nin alman çalışdırıcısı Hans-Yurgen Gede isə “Qarabağ”la ikinci dövrədə, ölkə kuboku uğrunda cavab ¼ final oyunundan öncə istefaya göndərildi. İndi “Neftçi”ni 62 yaşlı Böyükağa Ağayev, “Xəzər-Lənkəran”ı 49 yaşlı İqor Ponomaryov çalışdırır. Onlar bir-biri ilə milli çempionatlarımızda qarşılaşmasa da, rəqib komanda ilə görüşüblər. Özü də hər ikisi həmin oyunlarda “Qarabağ”ın baş məşqçisi olub.

Ponomaryov 2004/05 mövsümündə “Neftçi”yə əvvəl səfərdə minimal hesabla (0:1) uduzub, evdə minimal hesabla (2:1) qalib gəlib. Ağayev isə 2006-cı ildə çalışdırdığı “Qarabağ”ın çalışdırıcısı kimi “Xəzər-Lənkəran”la oyunlarının hər ikisini səfərdə keçirib və 0:2 hesabı ilə yenilib.

Ponomaryov futbolçu karyerasının böyük hissəsini keçirdiyi “Neftçi” ilə görüşəcək. O, flaqmanın heyətində (1978-81, 1983-88-ci illərdə) SSRİ çempionatında 226 oyunda 63 qol vurub. Ponomaryov titullarını – yeniyetmələr arasında Avropa çempionu (1978), dünya çempionatının gümüş mükafatçısı (1979) və olimpiya çempionluğu (1988), habelə SSRİ çempionatında penalti zərbələri üzrə (ardıcıl 24 dəqiq zərbə) rekordu “Neftçi”nin oyunçusu kimi qazanıb. Ağayev də SSRİ dövründə komandada məşqçi işləsə də, yolları kəsişməyib. Belə ki, o, “Neftçi”yə 1989-cu ildə, komanda birinci dəstəyə düşərkən gəlib və həmin vaxt Ponomaryov artıq İsveçin “Norçepinq” klubuna keçmişdi.

Qeyd edək ki, “Neftçi” ilə “Xəzər-Lənkəran”ın oyunlarında baş məşqçi kimi ən çox (9 dəfə) Ağasəlim Mircavadov iştirak edib. O, bu komandaların cari mövsümə qədər bütün görüşlərinin iştirakçısı olub. Özü də Mircavadov həm “Neftçi”nin, həm də “Xəzər-Lənkəran”ın sükanı arxasında yer alıb. Bu komandalar bir-biri üzərində ilk qələbələrini də məhz bu məşqçinin rəhbərliyi altında qazanıb.

“Neftçi” – “Xəzər-Lənkəran” qarşıdurması (baş məşqçilərlə)

2004/05 mövsümü

“Xəzər-Lənkəran” (Rasim Kara) – “Neftçi” (Ağasəlim Mircavadov) – 1:1
“Neftçi” (Ağasəlim Mircavadov) – “Xəzər-Lənkəran” (Rasim Kara) – 2:1
“Neftçi” (Ağasəlim Mircavadov) – “Xəzər-Lənkəran” (Rasim Kara) – 2:1 (“qızıl oyun”)

2005/06 mövsümü
“Xəzər-Lənkəran” (Şenol Fidan) – “Neftçi” (Ağasəlim Mircavadov) – 0:1
“Neftçi” (Ağasəlim Mircavadov) – “Xəzər-Lənkəran” (Viktor Pasulko) – 2:2

2006/07 mövsümü
“Xəzər-Lənkəran” (Ağasəlim Mircavadov) – “Neftçi” (Qurban Qurbanov) – 2:1
“Neftçi” (Qurban Qurbanov) – “Xəzər-Lənkəran” (Ağasəlim Mircavadov) – 1:0

2007/08 mövsümü
“Xəzər-Lənkəran” (Ağasəlim Mircavadov) – “Neftçi” (Vlastimil Petrjela) – 0:1
“Neftçi” (Anatoli Demyanenko) – “Xəzər-Lənkəran” (Ağasəlim Mircavadov) – 0:1

2008/09 mövsümü
“Xəzər-Lənkəran” (Rasim Kara) – “Neftçi” (Hans-Yurgen Gede) – 2:0
0