Rövşən Əhmədov: Gözümə palçıq dolmuşdu
14.04.2009 - 14:30
Rövşən Əhmədov: Gözümə palçıq dolmuşdu
“Qəbələ” – “Olimpik” matçında nəticəyə təsir edən səhv etmədim. Fikrimcə, idarəçiliyim pis olmayıb, normal idi. Sadəcə, görüşün sonunda metodiki səhvə yol verdim”. Bu fikirləri apasport.az saytına açıqlamasında milli dərəcəli hakim Rövşən Əhmədov deyib.

Premyer Liqanın XXI turunda “Qəbələ” – “Olimpik” oyununa (1:1) baş hakim təyin edilən 42 yaşlı mingəçevirli referinin idarəçiliyində müəyyən qüsurlar olub. Əhmədov “Olimpik”də vərəqə göstərməli olduqları futbolçuları səhv salıb: “Həmin epizodda meydanda qarışıqlıq düşdü. Komandanın legionerləri kəllə-kəlləyə gəldilər. “Olimpik”in futbolçusu Sergey Laşenkov da ora yaxınlaşdı. Epizoddan təxminən 10-12 metr aralıda idim. İnsidentin iştirakçısının Laşenkovun olduğunu zən edib, ona ikinci sarı vərəqə göstərdim. Bu, onda ikinci “sarı” olduğundan, avtomatik qırmızı oldu. “Olimpik”in qvineyalı legioneri Abdulkadir Kamaranı bu insident olmasaydı, meydandan çıxaracaqdım. Çünki rəqibin ayağına ciddi xətər yetirmişdi, aşkar kobud oynamışdı”.

Əhmədovun sözlərinə görə, səhvini düzəltməsində hər iki komandanın futbolçuları yardımçı olub: “Olimpik”in kapitanı Tərlan Əhmədovla “Qəbələ”nin 16 nömrəli futbolçusu Viktor Komlyonok mənə yaxınlaşıb, insidentdə Laşenkovun yox, Suaresin iştirak etdiyini dedilər. Mən də ehtiyat hakim Elvin Əsgərova yaxınlaşdım və o da bunu təsdiqlədi. Səhvimi düzəldərək, Laşenkovun vərəqəsini ləğv etdim. Sarı vərəqə göstərdiyim Junivanda bu, birinci olduğundan, meydandan çıxmadı. Həmin epizodda tələsdim. Gərək ehtiyat hakimin də fikrini öyrənib, bundan sonra qərar çıxarardım. Ancaq məsələ ondadır ki, həmin oyun ağır şəraitdə keçdi. Qar yağmışdı, meydança bərbad vəziyyətdə idi. Meydandakılar palçığa bulaşmışdı. Palçıq gözümün içinə qədər dolmuşdu. Həmin epizod vaxtı artıq uzatma dəqiqələri gedirdi və metodiki səhv etdim”.

Əhmədov karyerası boyu qərəzli idarəçilik etmədiyini söyləyib: “20 ildir hakimlik edirəm və bu müddətdə heç vaxt qərəzli olmamışam. AFFA-nın prezidenti Rövnəq Abdullayev bildirib ki, qərəzli hakim bizə lazım deyil. Hakim də insandır, səhv edə bilər. Əsas odur ki, qərəzli olmasın. “Qəbələ” – “Olimpik” oyununda nəticəyə təsir edən səhvim olmayıb, qərəzli hakimlik etməmişəm. Doğma Mingəçevirdə 18-20 hakim yetişdirirəm. Qərəzli hakimlik etsəm, onların üzünə necə baxa bilərəm”.

Qeyd edək ki, idarəçiliyinə görə 7,5 balla qiymətləndirilən Əhmədov bir turluq cəzalandırılıb.
0