Rusiya milli komandası üçün azərbaycanlı futbolçu
15.04.2009 - 11:24
Rusiya milli komandası üçün azərbaycanlı futbolçu
Soydaşımız Aleksandr Səmədov Rusiya yığmasında oynamağa namizəd sayılır. Apasport.az saytının məlumatına görə, “Moskva” klubunda çıxış edən 24 yaşlı sağ cinah yarımmüdafiəçisi Rusiya Premyer Liqasının yeni mövsümündə özünü ən yaxşı tərəfdən göstərən, yığmadan kənarda qalan 20 futbolçudan biridir.

Rusiyalı həmkarlarımız Səmədovun hazırkı formasında yığmaya faydalı ola biləcəyi qənaətindədirlər. Aleksandr Yuri Jirkov (MOİK) və İqor Denisovla (“Zenit”) birgə “Sport-Ekspress” qəzetinin qiymətləndirilməsinə əsasən, (6,38 bal) cari çempionatın ən yaxşı futbolçularındandır. Soydaşımız xüsusilə son turda Moskva “Spartak”ı ilə görüşdə (3:1) özünü ən yaxşı tərəfdən göstərib. Belə ki, Səmədov sabiq komandası ilə ev oyununda iki məhsuldar ötürmənin müəllifi olub. Aleksandr ilk turda Moskvanın “Dinamo” klubu ilə matçda (0:1) isə komandasının ən yaxşı futbolçusu sayılıb.

Səmədov Rusiya yığmasına çağırılacağı halda, soydaşlarına qarşı oynamaq, Bakıya gəlmək imkanı qazanacaq. Bu da rusların milli komandamızla dünya çempionatının seçmə mərhələsində bir qrupda yer almasıdır. Aleksandr 2003-cü ildə yığmamıza cəlb olunaraq, Bakıda təlim-məşq toplanışında iştirak etmişdi. Həmin vaxt yoldaşlıq görüşünə rəqib tapılmadığı üçün, futbolçu ikitərəfli oyunda iştirak etmək məcburiyyətində qaldı. Təşkilati işlərdən narazı qalan Səmədov Moskvaya qayıdandan sonra millimizdə oynamaqdan imtina etdiyini, Rusiya yığmasının təklifini müsbər cavablandırdığını bildirdi. Rusiyanın 21 yaşlılardan ibarət yığmasında çıxış edən yarımmüdafiəçi əsas millidən dəvət almadı. Səmədovun atası əslən Gəncədəndir və onlar 6 altı il öncə birgə Bakıya gəlmişdilər. Rusiya cari seçmə mərhələdə son oyununu oktyabrın 14-də Bakıda milli komandamıza qarşı keçirəcək.
0