“Simurq” üçün “Olimpik” sindromu
17.04.2009 - 11:33
“Simurq” üçün “Olimpik” sindromu
Zaqatalanın “Simurq” klubunun ölkə çempionatının XXII turunda qarşılaşacağı “Olimpik”lə bağlı problemi var. Apasport.az saytının hesablamalarına görə, ukraynalı mütəxəssis Roman Pokoranın çalışdırdığı komanda paytaxt təmsilçisi üzərində qələbə qazana bilməyərək, uğursuzluq sindromunu qıra bilmir.

Bu komandalar artıq üçüncü mövsümdür qarşılaşır. Özü də bu oyunlarda Pokora bir qayda olaraq, Əsgər Abdullayevin çalışdırdığı komanda ilə üz-üzə gəlib. “Simurq”un “Olimpik”lə səfər oyunları adətən məğlubiyyətlə nəticələnir. “Şəfa” stadionunda keçirilən görüşlərdə zaqatalalılar qol da vura bilməyib. “Simurq”un meydanında baş tutan qarşılaşmalar isə bir qayda olaraq, heç-heçə nəticələnib və həmişə müxtəlif hesablar qeydə alınıb.

“Simurq” “Olimpik”in tarixinə yaxşı mənada düşüb. Belə ki, “təyyarəçilər” güclülər dəstəsində ilk böyük hesablı qələbəsini məhz Zaqatala təmsilçisi üzərində qazanıb. Ötən mövsüm çempionluğa iddialı, uzun müddət lider olan “Olimpik” “Simurq”dan ağır zərbə aldı. Zaqatalalılar Abdullayevin komandasından iki xal almaqla, onu büdrətdi. İndi mübarizə baxımdan vəziyyət dəyişib.

Yəni, indi “Olimpik”in mükafatçı olmaq şansı azdır, “Simurq” isə tarixində ilk dəfə medal qazanmağa yaxındır. Bu dəfə Abdullayev Pokoraya mükafat uğrunda mübarizədə əngəl ola bilər.

Qeyd edək ki, “Olimpik”lə “Simurq” arasında oyun sabah saat 16:00-da “Şəfa” stadionunda keçiriləcək.

2006/07 mövsümü
“Olimpik” – “Simurq” – 3:0
“Simurq” – “Olimpik” – 2:2

2007/08 mövsümü
“Olimpik” – “Simurq” – 1:0
“Simurq” – “Olimpik” – 0:0

2008/09 mövsümü
“Simurq” – “Olimpik” – 1:1
0