UEFA Babək Quliyevin hakimlikdən kənarlaşdırılmasına münasibət bildirdi
17.04.2009 - 15:18
UEFA Babək Quliyevin hakimlikdən kənarlaşdırılmasına münasibət bildirdi
Avropa Futbol Federasiyaları Assosiasiyası (UEFA) Babək Quliyevlə bağlı AFFA-nın müraciətinə cavab verib. Bu barədə apasport.az saytına məlumat verən AFFA-nın Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun sözlərinə görə, qitə futbol qurumuna göndərdikləri rəsmi müraciətə bu gün cavab alıblar: “Məlum olduğu kimi, FİFA referisi Babək Quliyevi Hakimlərin Nizam-İntizam Məcəlləsinin müvafiq maddəsini pozduğuna görə qeyri-müəyyən müddətə hakimlikdən kənarlaşdırmışıq. Qəbul etdiyimiz qərarla bağlı baş katib Elxan Məmmədovun imzası ilə FİFA-nı rəsmən məlumatlandırmışdıq. Bunu mütləq etməli idik. UEFA-ya göndərdiyimiz məktub Quliyevin istedadlı hakimlər qrupu üçün İsveçrədə təşkil olunan seminarla bağlı idi. Qitə futbol qurumu seminarın azərbaycanlı hakimlər üçün təxirə salındığını təəssüflə qeyd edib. Yəni, hakimlərimiz bu ayın sonunda UEFA-nın Nyondakı mənzil-qərargahında keçiriləcək seminarda iştirak etməyəcək”.

Quliyevlə birgə həmin seminara gənc həmkarı Orxan Məmmədov da getməli idi. 24 yaşlı FİFA hakim-köməkçisi bu ildən beynəlxalq dərəcə alıb. Orxan bu dərəcəni daşıyan ən gənc hakimimiz kimi, futbol tariximizə düşüb. Gələn ayın sonunda Mançester şəhərində 19 yaşlı yığma komandalar arasında Avropa çempionatının elit mərhələsindəki oyunlara Quliyevlə Məmmədov təyinat almışdı. Hakimlər Komitəsinin sədri ilə söhbətdə məlum oldu ki, seminar kimi, bu təyinat da hər ikisi üçün qüvvədən düşüb: “Hakimlərimizin Mançesterdəki oyunlarda idarəçilik etməyəcəyi birmənalıdır. İngilis dilini yaxşı bilən Orxan bu ildən istedadlı hakimlər qrupunda yer almışdı. O da Babək kimi İngiltərəyə getməyəcək. Onlar briqada şəklində Azərbaycanı təmsil etməli idi. Təyinat da ləğv olunanda təkcə baş hakim yox, onun köməkçisini də, yəni briqadanı ləğv edir. Bizimkilər başqa ölkənin hakimləri ilə əvəzlənəcək. Babək istənilən halda, ilin sonuna kimi FİFA referisi dərəcəsini daşıyacaq. Sadəcə, ona beynəlxalq dərəcəli oyunlara təyinat gəlməyəcək. Quliyevin hakimliyə nə vaxt qayıdacağı hələ bilinmir. Orxan Məmmədov isə gələcəkdə yenə beynəlxalq matçlara təyinat ala bilər”.
0