Xaqani Məmmədov özü öz qərarını pozur
17.04.2009 - 15:50
Xaqani Məmmədov özü öz qərarını pozur
Azərbaycan Premyer Liqasının oyunlarını idarə edən hakimlərlə bağlı islahatlar davam edir. AFFA-nın Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov apasport.az saytına açıqlamasında növbəti turdan (XXIII) etibarən referiləri oyunlardan əvvəl bir yerə yığacaqlarını bildirib. Bununla da AFFA ilə Premyer Liqanın oyunlarını keçirən Peşəkar Futbol Liqası İtaliyadakı praktikadan istifadə edəcəklər: “İtaliyada hakimlər turun oyunlarına iki gün qalmış federasiyanın bazasında yığışıb, orada yaşayır, məşq edilər. Biz də gələn turdan bu praktikanı tətbiq edəcəyik. Belə şərait, imkan var və təyinat alan hakimlər idarəçilik edəcəkləri matçlara qədər bir yerdə qalacaqlar. Məkanla bağlı bir neçə variant var. Hakimlər belə yolla bir növ ətraf mühitdən təcrid olunacaq. Onları oyunlara özümüz aparacağıq”.

Hakimlər Komitəsi adətən oyunlara təyinatı həftə içi edirdisə, qarşıdakı tur bu baxımdan istisna oldu. Qurum hələ də təyinatları açıqlamayaraq, bilərəkdən belə addım atıb. Məmmədov onun komitəyə rəhbərlik etdiyi dövrdə təyinatların daha tez açıqlanması praktikasının ləğvinə belə izah verib: “Düzdür, sədrliyim dövründə təyinatlar oyunlara bir neçə gün qalmış açıqlanırdı. Ancaq bunu dəyişdirməyi qərara aldıq. Bilirsiniz, mövsüm sona yaxınlaşır, qarşıdakı gərgin mübarizə şəraitində keçəcək vacib oyunlar var. Təyinatları oyunlara az qalmış açıqlamağı daha məqsədəuyğun saydıq. Bunu bir neçə gün əvvəl edəndə hakimlərə çoxlu zənglər olurdu. Zəngləri gizli nömrədən edirlər ki, kimlikləri bilinməsin. İndi hakimlər də rahat olacaq, klublar da. Hakimlər hansı oyunları idarə edəcəklərini bilmirlər. İş gününün sonunda təyinatları müəyyənləşdirəcəyik. Əyalətdə oyunları olan hakimlərin yollarını nəzərə alıb, bu gün onları məlumatlandıracağıq. Bakıda idarəçilik edənlərə isə oyun günü məlumat verib, matçlara yola salacağıq”.
0