Böyükağa Ağayev: Mənim komandamla “İnter” müqayisə olunmazdır
17.04.2009 - 17:17
Böyükağa Ağayev: Mənim komandamla “İnter” müqayisə olunmazdır
“Mən çalışdırdığım “Xəzər Universiteti” ilə sonradan “İnter” adlanan komanda arasında fərq böyükdür. Bunlar müqayisə olunmazdır”. Bu fikirləri apasport.az saytına açıqlamasında Bakının “Neftçi” klubunun baş məşqçisi Böyükağa Ağayev deyib.

Təcrübəli mütəxəssis 2004-cü ilin yayınadək hazırda “İnter” adlanan “Xəzər Universiteti” klubunun sükanı arxasında olub. Ağayev bildirib ki, həmin vaxt onunla vidalaşan “İnter” komandasına kin saxlamır: “Məşqçi taleyi belədir ki, uzun bir müddət komandada ola da bilərsən, gedə də. Hər şeydən incisən, onda gərək yaşamayasan. Məndən sonra “İnter”də böyük dəyişiklik baş verib. Bu, həm heyət, həm də oyun üslubu ilə bağlıdır. Mənim dövrümdəki komandadan heç bir futbolçu qalmayıb. Həmin vaxt kapitanımız olan Elmar Baxşıyev hazırda “Neftçi”də rəhbərliyim altında oynayır. Oyun üslubları arasında fərq də böyükdür. İndiki komandada oyun üslubu dəyişib. Bizim vaxtımızda topu saxlamağa üstünlük verdiyimiz halda, “İnter” güc futboluna üstünlük verir. Hesab edirəm ki, bizi gərgin oyun gözləyir”.

Ağayev “İnter”lə oyunu prinsipial matç kimi yox, “Neftçi”nin qələbə qazanmaq istədiyi bir görüş kimi baxır. 62 yaşlı mütəxəssisin son turda “Xəzər-Lənkəran” üzərində qazanılan qələbədən sonra nikbinliyi artıb: “Güclü rəqiblə qarşılaşacağıq. “İnter” turnir cədvəlində 1-ci yerdə gedir və çempionluğa oynayır. Hamı hansı komanda ilə görüşəcəyimizi, oyunun məsuliyyətini dərk edir. Məqsədimiz “İnter” da daxil olmaqla, qalan 5 oyunda qələbə qazanıb, turnir cədvəlində imkan daxilində yuxarıya qalxmaqdır. Həm də komandanın oyununu düzəltməyə çalışırıq. Gələn mövsüm nəyə qadir olduğumuza indidən baxmaq istəyirik. “Xəzər-Lənkəran”la oyunda stadionuna çoxlu azarkeş gəlmişdi. Öz oyunumuzla tərəfdarlarımızı stadionuna qaytarmaq istəyirik”.

“Neftçi”nin qarşıdakı oyunda heyətlə bağlı yeganə itkisi müdafiəçi Ruslan Abışovla bağlıdır. 22 yaşlı mərkəz müdafiəçisi cari mövsümdə 4-cü sarı vərəqəsini aldığı üçün cəzalı duruma düşüb: “Ruslanı oyun praktikası qazandırmaq üçün əvəzedici komandaya göndərmişik. Onsuz da cəzaya görə “İnter”lə görüşdə iştirak etməyəcək. Əvəzedici komandada göndərdiyimiz irlandiyalı Co Kendriklə avstraliyalı Con Tamburas orada da heyətdən kənarda qalıblar. İndi daha gənc futbolçulara diqqət yetiririk. Hesab edirəm ki, bu iki əcnəbi müdafiəçi bizə kömək etməyəcək. Bolqar yarımmüdafiəçimiz Março Dafçev vətənində zədəsini müalicə etdirdikdən sonra sıralarımıza dönəcək”.

Qeyd edək ki, Ağayev ildən artıq çalışdırdığı “Xəzər Universiteti”ni avrokuboklara çıxarıb. “İnter”in sələfi 2004-cü ilin yayında İntertoto kubokunda mərhələ adlayıb.
0