“Karvan” rəhbərliyi daha 3 futbolçunu komandadan qovdu
18.04.2009 - 10:06
“Karvan” rəhbərliyi daha 3 futbolçunu komandadan qovdu
Yevlaxın “Karvan” klubu daha 3 futbolçu ilə yollarını ayırıb. Apasport.az saytının məlumatına görə, əyalət təmsilçisi qapıçı Vitali Kovalyov, müdafiəçi Ruslan Qafitullin və yarımmüdafiəçi Kamal Quliyevlə vidalaşıb. Kamal həm də “Karvan”ın kapitanı və komandanın heyətində ən çox oyun keçirən futbolçulardan biri idi.

Klub rəhbərliyi son turda “Turan”a ağır məğlubiyyətdə (0:4) əsasən bu 3 oyunçunu günahlandırır. “Karvan”ın baş məşqçisi Yunis Hüseynov da ona yaxşı tanış olan “trio”nu bundan sonra sərəncamında görməkdə maraqlı deyil. Kovalyov, Qafitullin və Quliyev 44 yaşlı bu mütəxəssisin rəhbərliyi altında Bakının “Standard” klubunda da çıxış ediblər. Hüseynov “Karvan”ın sükanı arxasına qayıtdıqdan sonra hər üç futbolçu da onun yanına gəlib.

“Karvan” yaranan vaxtdan bu klubun formasını geyinən 33 yaşlı Kamal “Standard”la yanaşı, “Xəzər-Lənkəran” və “MKT-Araz” klubunda oynayaraq, indiyə kimi bir neçə dəfə Yevlax təmsilçisinə qayıdıb. 32 yaşlı Vitali və 30 yaşlı Ruslan isə ötən ilin yayında “Karvan”la müqavilə bağlamışdılar. Özü də onlar hələ ilk dövrənin ardından komandadan kənarlaşdırılmışdılar. Daha sonra geri qaytarılan Kovalyovla Qafitullin bu dəfə birdəfəlik uzaqlaşdırılıblar.

Qeyd edək ki, maliyyə problemləri yaşayan “Karvan” son bir ayda 7 futbolçu ilə vidalaşıb. Öncə yarımmüdafiəçi Alim Qurbanov və moldovalı hücumçu Anatoli Doroş onlara olan borcun ödənilmədiyi üçün könüllü şəkildə komandadan gediblər. “Karvan” afrikalı hücumçular Süleyman Kamara və Hisleyn Emonun çıxışından narazı olduğu üçün onlarla da yollarını ayırıb.
0