Berti Foqts Daniel Axtyamovu milli komandaya qaytardı
20.04.2009 - 09:28
Berti Foqts Daniel Axtyamovu milli komandaya qaytardı
Azərbaycan milli komandasının heyəti açıqlanıb. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, yığmamızın almaniyalı baş məşqçisi Berti Foqts bu gün başlayacaq təlim-məşq toplanışında iştirak edəcək futbolçuların siyahısını müəyyənləşdirib.

Düşərgəyə 28 futbolçu cəlb edən 63 yaşlı mütəxəssis müəyyən dəyişikliklərə əl atıb. Foqts millinin baş məşqçisi olduğu vaxt ərzində ilk dəfə milliləşən rusiyalı Daniel Axtyamovu komandaya çağırıb. Yığmada 6 matç keçirən 24 yaşlı hücumçu sonuncu dəfə 2005-ci il martın 31-də Nyukaslda keçirilən İngiltərə - Azərbaycan qarşılaşmasında (2:0) meydana çıxmışdı. Son illər tez-tez klublarını dəyişib, sonda Belarusda qərar tutan Daniel toplanışa çağırılan yeganə legionerdir.

Belə ki, müvafiq olaraq Türkiyə və Çində çıxış edən Rəşad Sadıqovla Branimir Subaşiç hazırlıqlara qatılmayacaq. Buna səbəb toplanışın FİFA-nın yığmalar üçün ayırdığı “pəncərə”yə daxil olmamağıdır. Bundan başqa, son toplanışlarda iştirak etməyən Aleksandr Çertoqanov, Tural Cəlilov, Tural Nərimanov, Zaur Tağızadə, Usim Nduka, Araz Abdullayev, Vladimir Levin və Zeynal Zeynalov yenidən yığmaya dəvətlilər sırasına qayıdıb.

Qeyd edək ki, Azərbaycan milli komandası aprelin 20-dən 23-dək Bakı şəhərində keçiriləcək təlim-məşq toplanışı çərçivəsində hər gün saat 10:30-da və 16:00-da Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda məşq edəcək. Aprelin 21-də saat 16:00-da keçiriləcək məşq mətbuat üçün açıq olacaq.

Qapıçılar: Fərhad Vəliyev (“Qarabağ”), Rauf Mehdiyev (“Olimpik”), Səlahət Ağayev (“İnter”)

Müdafiəçilər: Mahir Şükürov, Usim Nduka (hər ikisi “Olimpik”), Rail Məlikov (“Neftçi”), Sergey Sokolov (“Simurq”), Tural Nərimanov, Ernani Pereyra (hər ikisi “Karvan”), Saşa Yunisoğlu, Cəmşid Məhərrəmov (hər ikisi “Bakı”), Vladimir Levin, Samir Abbasov (hər ikisi “İnter”)

Yarımmüdafiəçilər: Rahid Əmirquliyev (“Xəzər-Lənkəran”), Tural Cəlilov, Aleksandr Çertoqanov (hər ikisi “Simurq”), Elmar Baxşıyev, Araz Abdullayev, Zaur Tağızadə (hamısı “Neftçi”), Aqil Nəbiyev (“Olimpik”), Elvin Məmmədov, Cavid Hüseynov (hər ikisi “İnter”), Fabio Luis Ramim (“Bakı”), Zeynal Zeynalov (“Standard”)

Hücumçular: Leandro Qomeş (“Olimpik”), Vüqar Nadirov (“Karvan”), Vaqif Cavadov (“Qarabağ”), Daniel Axtyamov (“Minsk” Belarus)
0