“Qarabağ”ın futbolçusunu Rusiya çempionatında debüt etməyə qoymadılar
20.04.2009 - 09:40
“Qarabağ”ın futbolçusunu Rusiya çempionatında debüt etməyə qoymadılar
Ağdamın “Qarabağ” klubu ilə müqaviləsi olan Timur İsrafilovun Rusiyanın “Volqa” komandasında debütü baş tutmayıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının sabiq futbolçusu Rusiya çempionatının ikinci divizionunun ilk turunda meydana çıxmayıb. “Volqa”nın Moskvada “Zelenoqrad”a 0:2 hesabı ilə uduzduğu oyunda iştirak etməyən 21 yaşlı müdafiəçinin adı klubun sifariş ərizəsinə daxil edilib. Belə ki, Rusiya Peşəkar Futbol Liqasının rəsmi internet saytı Timuru artı tverlilərin oyunçusu kimi göstərib. “Volqa”nın heyətində çıxış edən digər futbolçumuz Emin Ağayev isə ilk turda 90 dəqiqə mübarizə aparıb. Tver təmsilçisi növbəti oyununu aprelin 25-də keçirəcək. “Volqa” Rusiya kubokunun 1/256 finalında “Voloçanin-Ratmir”lə qarşılaşacaq.

Qeyd edək ki, Azərbaycan yığmasının daha bir sabiq futbolçusu Aleksandr Jidkov “Volqa”nın məşqçilər korpusunda yer alıb. O komandanın qapıçıları ilə çalışır.
0