Arda Turandan növbəti əlbəyaxa döyüş
20.04.2009 - 10:03
Arda Turandan növbəti əlbəyaxa döyüş
“Qalatasaray” klubunun yarımmüdafiəçisi Arda Turan yenə dava salıb. Apasport.az saytının məlumatına görə, 22 yaşlı futbolçu bu dəfə mühafizə xidmətinin əməkdaşı ilə əlbəyaxa olub.

Arda cəzalı olduğundan “Qalatasaray”ın səfərdə “İstanbul BB” komandası ilə görüşündə forma geyinməyib. O, oyunu klub prezidenti Adnan Polatla birgə VİP lojada izləyib. Matç başa çatdıqdan sonra Turan 1:0 hesablı qələbə qazanmış komanda yoldaşlarını təbrik etmək üçün paltardəyişmə otağına yollanıb.

Lakin qapının ağzında duran mühafizə xidmətinin əməkdaşı Ardanı tanımadığından, içəri buraxmayıb. Üstəlik, “Cim Bom”un oyunçusunun akkreditə kartı olmayıb. Buna görə də tərəflər arasında əməlli-başlı münaqişə yaranıb. Sonda “Qalatasaray”lı futbolçu mühafizəçini itələyərək, paltardəyişmə otağına girməyə müvəffəq olub.

Qeyd edək ki, Türkiyə yığmasının da şərəfini qoruyan Turan aprelin 12-də “Fənərbaxça” ilə matçın son dəqiqələrində dava salmışdı. Bu səbəbdən yarımmüdafiəçi 3 oyunluq diskvalifikasiya edilib.
0