Hakan Şükürə 2-ci liqadan təklif gəldi
23.04.2009 - 10:58
Hakan Şükürə 2-ci liqadan təklif gəldi
Əfsanəvi türkiyəli futbolçu Hakan Şükürə ikinci liqada mübarizə aparan “Körfəz Bələdiyyəspor” klubunun baş məşqçi postu təklif olunub. Apasport.az saytının məlumatına görə, hazırda adıçəkilən komanda 2-ci liqanın pley-off oyunlarında çıxış edərək, 1-ci liqaya yüksəlməyə çalışır. Bu günlərdə isə baş məşqçi Telat Özdən istefa verib.

“Körfəz Bələdiyyəspor” rəhbərliyinin 38 yaşlı Hakana göndərdiyi təklif sürpriz kimi qiymətləndirilir. Çünki “Bosfor buğası” futbolçu karyerasını ötən ilin yayında “Qalatasaray”da bitirib. O, hazırda TRT telekanalında şərhçi çalışır. “Körfəz Bələdiyyəspor” rəsmiləri Hakanı bu işindən ayırmaq fikrində deyillər.

Maraqlıdır ki, Hakan Şükür şərhçi fəaliyyətini davam etdirmək şərti ilə, 4 oyunda komandanı çalışdırmaq dəvətini qəbul etmək istəyir. Rəhbərlik onunla görüşüb, mövsümün qalan vacib matçlarında “Körfəz Bələdiyysəpor” baş məşqçi postunu tutması variantını müzakirə edəcək.

Qeyd edək ki, karyerasını davam etdirmək dünyanın müxtəlif ölkələrindən dəvət alan Hakana ötən yay “Xəzər-Lənkəran” da elçi düşmüşdü.
0