Mişel Platini “Şükrü Saracoğlu” stadionunda qüsur tapdı
23.04.2009 - 15:10
Mişel Platini “Şükrü Saracoğlu” stadionunda qüsur tapdı
UEFA kuboku bu gün Türkiyəyə gətirilib. Apasport.az saytının məlumatına görə, mayın 20-də İstanbulun “Şükrü Saracoğlu” stadionunda keçiriləcək final oyununda kubok yeni sahibinə qovuşacaq. UEFA kubokunun son qalibi Rusiyanın “Zenit” klubu turnirdə mübarizəni 1/4 finalda dayandırdığından, bu dəfə qalib fərqli olacaq.

Buna görə də “Zenit”in rəhbərliyi kuboku bu gün Atatürk Hava Limanına gətirib. Rusiyalıları UEFA və Türkiyə Futbol Federasiyasının rəsmiləri qarşılayıblar. Bu gün keçiriləcək tədbirdə “Zenit” rəsmiləri kuboku UEFA prezidenti Mişel Platiniyə təhvil verəcəklər. Öz növbəsində Platini onu final oyununa qədər saxlamaq üçün İstanbulun meri Kadir Torbaşa təqdim edəcək. Sıravi azarkeşlər belə, final matçınadək sərbəst şəkildə UEFA kubokunu ziyarət edə bilərlər.

Yeri gəlmişkən, Platini bu gün “Şükrü Saracoğlu” stadionuna baş çəkib. Türkiyə Futbol Federasiyasının prezidenti Mahmud Özgenerin müşayiət etdiyi qonaqlar stadiona gəlmək üçün dəniz yolunu seçərək, gəmidən istifadə ediblər. Onları “Şükrü Saracoğlu”nun ev oyunlarını keçirdiyi “Fənərbaxça” klubunun rəhbərliyi qarşılayıb və stadiona bir saatlıq baxış keçirilib.

“Fənərbaxça”nın vitse-prezidenti Əli Koçun sözlərinə görə, Platininin başçılıq etdiyi nümayəndə heyəti stadionun son vəziyyəti ilə tanış olduqdan sonra arenanın UEFA kubokunun final oyununa hazır olduğunu bildirib. Yeganə qüsurun meydanın ot örtüyü ilə bağlı olduğunu deyən Koç bu çatışmazlığın 2-3 həftəyə aradan götürüləcəyini söyləyib. Vitse-prezident bildirib ki, Platininin yararlandığı dəniz yolu UEFA kubokunun final günü zamanı da istifadə olunacaq.
0