Ramin Musayevin əmri
23.04.2009 - 16:12
Ramin Musayevin əmri
“Qarabağ” klubunun cari mövsümdə qalan ev oyunlarını təmsil etdiyi Ağdamda keçirməsi məsələsi rəsmiləşib. Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, qurumun prezidenti Ramin Musayev “Qarabağ”ın Premyer Liqanın XXIV turunda mayın 3-də “İnter”lə, XXV turda mayın 9-da “Xəzər-Lənkəran”la, ölkə kubokunun yarımfinal mərhələsində “Bakı” ilə mayın 6-da cavab görüşündə Ağdamın Quzanlı qəsəbəsində yerləşən Olimpiya İdman Kompleksinin stadionunda keçirməsi haqda bu gün əmr imzalayıb.

Göstərilib ki, Ağdam Rayon İcra Hakimiyyəti başçısının və "Qarabağ"ın PFL-ə ünvanladığı məktubunda rayon sakinlərinin komandalarının oyunlarını Ağdamda izləmək istədikləri və bu səbəbdən də Premyer Liqa və Azərbaycan kubokunun növbəti oyunlarının Quzanlı qəsəbəsindəki stadionunda keçirilməsinə icazə verilməsi xahiş edilib. Bunun mümkünlüyünü yoxlamaq məqsədi ilə PFL tərəfindən Ağdama nümayəndə heyəti göndərilib. Stadiona baxıldıqdan sonra meydançada Premyer Liqa və Azərbaycan kuboku matçlarını keçilməsi üçün hər cür şəraitin olduğu aşkar edilib.
0