“Xəzər-Lənkəran”, İqor Ponomaryov və Rasim Karaya mənəvi zərbə
24.04.2009 - 23:00
“Xəzər-Lənkəran”, İqor Ponomaryov və Rasim Karaya mənəvi zərbə
Bakının “İnter” klubu “Xəzər-Lənkəran” üçün arzuolunmaz rəqibdir. Apasport.az saytının hesablamalarına görə, Lənkəran təmsilçisi səfərdə rəqibini məğlub edə bilmir. Artıq “İnter”lə 5-ci mövsümdür üz-üzə gələn “Xəzər-Lənkəran” Bakıda qələbə üzünə həsrət qalır. Lənkəranlılar yalnız bir dəfə qələbəyə nail olublar ki, bu da kubok oyununa təsadüf edib. Həmin vaxt hər iki görüşdə eyni hesabla qalib gələn Cənub klubu mövsümü “qızıl dubl”la bitirmişdi. “İnter”lə “Xəzər-Lənkəran”ın kubokda ilk oyunu da yarımfinal mərhələsində baş tutub və həmin vaxt bakılılar finala çıxıblar.

“Xəzər-Lənkəran” “İnter”i evdə də məğlub etməkdə çətinlik çəkir. Təsadüfi deyil ki, lənkəranlılar çempionatda cəmi bir dəfə rəqibini öz meydanında üstələməyi bacarıb. Həm çempionat, həm də kubokda “İnter” üzərində qazanılan qələbələr sabiq baş məşqçi Ağasəlim Mircavadovun dövründə olub.

“Xəzər-Lənkəran”ı ikinci dövrədən çalışdıran İqor Ponomaryov da “İnter”dən yanıqlıdır. Məsələ ondadır ki, 49 yaşlı olimpiya çempionu 2004/05 mövsümündə Ağdamın “Qarabağ”ı çalışdırdığı zaman “İnter”lə kubok mübarizəsindən məğlub ayrılıb. Ponomaryovun komandası ilk oyunda qalib gəlsə (1:0) də, cavab görüşündə uduzaraq, mübarizəni 1/8 finalda dayandırıb.

“İnter” Ponomaryovun “Xəzər-Lənkəran”ın sükanı arxasında əvəzlədiyi Rasim Karaya da mənəvi zərbə vurub. Axı, “İnter”lə ən çox görüşən 59 yaşlı türkiyəli mütəxəssis kuboku da nəzərə alsaq, 6 oyunda qələbə üzünə həsrət qalıb. Bu azmış kimi, Karanı da “Xəzər-Lənkəran”da istefaya göndərən məhz “İnter” olub. 2005-ci ilin sentyabrında Tofiq Bəhramov adına Respublika stadionunda 0:2 hesabı ilə uduzan türkiyəli məşqçi komanda ilə yollarını ayırıb. Cari mövsümdə “Xəzər-Lənkəran”ın sükanı arxasına qayıdan Kara “İnter”lə Lənkərandakı oyunda da iki top fərqi ilə uduzmaqla (2:4), növbəti zərbəni alıb. Bu məğlubiyyətdən sonra kreslosu laxlayan türkiyəli “istefa” şüarları eşitməyə başlayıb. Sonda Kara mövsüm öncəsi atıb getdiyi “Qarabağ”a Lənkəranda uduzduqdan (1:3) sonra istefa verib və ölkəmizi tərk edib.

Qeyd edək ki, “İnter”lə “Xəzər-Lənkəran”ın son 3 oyunu məhsuldar alınıb.

2004/05 mövsümü
“İnter” – “Xəzər-Lənkəran” – 1:0
“Xəzər-Lənkəran” – “İnter” – 0:0

Azərbaycan kuboku, yarımfinal mərhələsi
“İnter” – “Xəzər-Lənkəran” – 2:1
“Xəzər-Lənkəran” – “İnter” – 1:1

2005/06 mövsümü
“İnter” – “Xəzər-Lənkəran” – 2:0
“Xəzər-Lənkəran” – “İnter” – 1:1

2006/07 mövsümü
“İnter” – “Xəzər-Lənkəran” – 0:0
“Xəzər-Lənkəran” – “İnter” – 0:0

Azərbaycan kuboku, yarımfinal mərhələsi
“İnter” – “Xəzər-Lənkəran” – 0:1
“Xəzər-Lənkəran” – “İnter” – 1:0

2007/08 mövsümü
“İnter” – “Xəzər-Lənkəran” – 2:2
“Xəzər-Lənkəran” – “İnter” – 3:1

2008/09 mövsümü
“Xəzər-Lənkəran” – “İnter” – 2:4
0