Vəli Qasımov: Fransaya uduzduqdan sonra hər yerdə mənə gülürdülər - MÜSAHİBƏ
24.04.2009 - 19:13
Vəli Qasımov: Fransaya uduzduqdan sonra hər yerdə mənə gülürdülər - MÜSAHİBƏ
Azərbaycan milli komandasının sabiq futbolçusu, vaxtilə “Neftçi” (Bakı), “Spartak”, “Dinamo” (hər ikisi Moskva, Rusiya), “Betis”, “Albasete” (hər ikisi İspaniya), “Vitoriya” (Portuqaliya) kimi klublarında çıxış etmiş Vəli Qasımovun Lent.az-a müsahibəsi

- Necə oldu ki, Azərbaycana gəlməyə qərar verdiniz?
- Bakıya “Neftçi” rəhbərliyinin, şəxsən klub prezidenti Əkbər Hacıyevin dəvəti ilə gəlmişəm. Əvvəlcədən onlarla heç bir əlaqəm yox idi. Bir gün zəng edib, dəvət etdilər. Mən də İspaniyada yaşayan bir şəxs kimi Azərbaycan futbolunun geridə qaldığını görürdüm. Ona görə kömək etmək istəyirdim. Nəticədə dəvəti qəbul edərək, Vətənə qayıtdım.

- Uzun müddət idi ki, İspaniyada yaşayırdınız, artıq özünüzə müəyyən şərait qurmuşdunuz. Belədə ölkəmizə dönməqə razılaşarkən, tərəddüd etmədiniz?
- Düzdür, İspaniyada özümə müəyyən şərait qurmuşdum, işləyirdim. Amma mən həmişə vətənimdə çalışmaq arzusunda olmuşam. Əvvəllər mənə Azərbaycandan heç bir dəvət gəlməmişdi. İlk dəfə idi ki, öz ölkəmdən təklif gəlmişdi. Ona görə dəvəti məmnuniyyətlə müsbət cavablandırdım. Beləliklə, “Neftçi”də idman direktoru vəzifəsinə təyin olundum.

- Amma bu vəzifədə çox qala bilmədiniz. Səbəbi nə oldu?
- Nə bilim... Bir-birimizi başa düşmədik. Mən “Neftçi”də uşaq futbol məktəbini yaratdım. Bundan başqa əsas komandaya lazımi köməklik göstərirdim. Sonradan “Neftçi” rəhbərliyi elə hesab etdi ki, getməliyəm. Sözün düzü, yola getmədik.

- Konkret, kiminlə?
- Bunu açıqlamaq istəməzdim.

- Axı Sizi dəvət edənin elə “Neftçi” rəhbərliyi olduğunu bildirdiniz. Axı necə oldu ki, onlar qısa müddətdən sonra fikirlərini dəyişdilər?
- Mən rəhbərliyin əvəzinə danışa bilmərəm. Yəqin, dəvət edəndə bir şey fikirləşirdilər, sonradan başqa cür düşünməyə başladılar.

- O vaxtlar komandanın baş məşqçisi Hans-Yurgen Gede ilə münasibətləriniz necə idi?
- Gede heç kimi işləməyə qoymurdu. Hər şeyə özü baxırdı, nə istəyirdi-edirdi, komandaya yeni transferləri özü gətizdirirdi. Elə ona görə də “Neftçi”ni o günə qoymuşdu. Düzdür, Gededən qabaq da “Neftçi” ölkə çempionatında zəif start götürmüşdü. Amma almaniyalının gəlişindən sonra komanda lap pis günə düşdü.

- “Neftçi” rəhbərliyinə hansısa futbolçu təklif etmişdiniz?
- Müəyyən oyunçuları izləmişdim. Amma baş məşqçi onları bəyənməmişdi. Gede istəyirdi ki, komandaya yeni oyunçuları özü cəlb etsin. Gətirdiklərini də özünüz gördünüz.

- Komandadan ayrıldıqdan sonra İspaniyaya qayıdacağınız gözlənilsə də, Bakıda qalmağı üstün tutdunuz. Bu, nə ilə əlaqədardır?
- Hələ ki, burdayam. İş axtarıram. Digər tərəfdən, Ukraynanın paytaxtı Kiyevdə Ali Məşqçilik Məktəbində təhsil alıram. İyunda imtahan verim, təhsilimi başa vuracağam.

- Hər halda əlinizdə müəyyən maddi imkanlar var. Özünüz hansısa biznes sahəsi ilə məşğul olmağı düşünmürsünüz?
- Müəyyən planlarım var. Amma hələ ki, reallaşdıra bilməmişəm. Ona görə də açıqlamaq istəməzdim. Qaldı ki, nə biznes? Mənim biznesim futboldur. Görək də... Allah qoysa, yaxşı olar.

- Bilirik ki, İspaniyada ailə qurmuşdunuz. Xanımınız elə ispaniyalı idi. Bakıdan təklif aldığınız vaxt o, Sizin bura gəlişinizə necə yanaşdı?
- Bu, artıq şəxsi məsələdir. Söhbətimizin məzmununa uyğun deyil.

- Xarici ölkə vətəndaşlarının Azərbaycana münasibəti baxımından bu suala cavab tapmaq maraqlı olardı...
- Axı Azərbaycanda kim öz ailəsi haqda danışır?

- Gələcəkdə ailənizi ölkəmizə gətirmək fikriniz var?
- Bunu zaman göstərər. Hələ ki, Azərbaycan futboluna əlimdən gələn köməyi göstərmək niyyətindəyəm. Alınmasa, sonrasına baxarıq.

- Hər halda insan üçün ilk növbədə ailəsi durur...
- Elədir. Amma hər şeyin öz yeri var.

- Övladlarınızdan futbolla məşğul olanı var?
- İki oğlum var. Biri həvəskar səviyyədə futbol oynayır. O birinin isə heç marağı yoxdur.

- Azərbaycanlı futbolçular arasında hücumçu, qolçu qıtlığı hiss olunur. Vaxtilə Rusiya çempionatının bombardiri olmuş forvard kimi bunun səbəbini nədə görürsünüz?
- Bu, uşaq futbol məktəbinin, meydançaların demək olar ki, olmaması və olanların da düzgün işləməməsi ilə əlaqədardır. Axır vaxtlar “Bakı”, “İnter” və “Neftçi” klublarında bu sahədə müəyyən müsbət addımlar atılmağa başlayıb. Yəni, həmin uşaqların gələcəyi var. Məktəb olmayandan, öyrətməyəndən sonra uşaqlar səviyyəli futbolçu kimi necə yetişə bilərlər. Vaxtilə Azərbaycanda ən güclü mövqe hücum xətti olub. Amma demək olar ki, müstəqillik illərindən etibarən futbolumuzda qolçu problemi hiss olunur. Axır vaxtlar isə yarımmüdafiəçi qıtlığı müşahidə olunmaqdadır. Yalnız müdafiə xəttində Rəşad Sadıqov kimi səviyyəli oyunçu gözə dəyir. Nəinki hücumçu, elə digər mövqelərə də layiqli futbolçular uşaq məktəblərindən yetişir. Bir şey öyrənməyəndən səviyyəli oyunçu necə çıxa bilər.

- Hücumçuda hansı keyfiyyətlər olmalıdır?
- Gərək cəld, cüssəli olsunlar. Düzdür, bizdə hücumçular elə də cüssəli olmayıblar. Daha çox texniki baxımdan fərqləniblər. İndiki hücumçularda isə heç bu xüsusiyyət də yoxdur. Amma bayaq sadaladığım klublar bu sahəyə böyük diqqət ayırırlar. İnanıram ki, həmin komandalardan gələcəkdə yaxşı oyunçular çıxacaq. Çünki onlar düzgün istiqamətdə çalışırlar.

- Azərbaycan milli komandasının Avropa çempionu İspaniya yığması ilə yoldaşlıq görüşünün baş tutmasına inanmadığını bildirmisiniz. Nəyə əsasən, bu fikirdəsiniz?
- FİFA reytinqində İspaniya I pillədə gedir. Kənardan baxanda adamın inanmağı gəlmir ki, gəlib burada özlərindən reytinqcə xeyli aşağıda duran Azərbaycan millisi ilə oynasınlar. Amma mən də istərdim ki, Avropanın ən güclü komandası Bakıya gəlsin.

- Axı İspaniya Futbol Federasiyası millimizlə görüşməyə rəsmən razılıq verib. Oyunun keçiriləcəyi vaxt da məlumdur...
- Razılıq veriblər? Bundan xəbərim yox idi. Eşitmişdim ki, bu barədə söhbət gedir. Amma keçiriləcəyi tarixi bilmirdim.

- Digər tərəfdən, İspaniyanın yer aldığı 2010-cu il dünya çempionatının 5-ci seçmə qrupunda Azərbaycan yığması ilə təqribən eyni gücdə olan Estoniya və Ermənistan kimi komandalar var. Bəlkə məhz bu amilə görə, Avropa çempionları millimizlə üz-üzə gəlmək istəyirlər?
- Ola bilər. Amma çox vaxt güclü komandalar zəiflərlə oynamaq istəmirlər. Daim güclülərlə qarşılaşmağa üstünlük verirlər. Nadir hallarda zəiflərlə görüşə razılıq verirlər.

- Millimizdə çıxış etdiyiniz vaxtlarda ünvanınıza bəzi ittihamlar səsləndirilirdi. Sizi yığma komandada oynamağa o qədər də can-başla yanaşmadığınız bildirilirdi. Bəzən elə olurdu ki, millimizin düşərgəsinə gəlmirdiniz...
- Bu ittihamlar əsassızdır. Mən həmişə Azərbaycana gəlmək istəyirdim. Sadəcə, həmin vaxt çıxış etdiyim İspaniya və Portuqaliya klubları məni hər zaman buraxmırdılar. Birincisi, bura çox uzaqda idi. Digər tərəfdən, klub rəhbərliyindən bildirirdilər ki, gedib, yorğun qayıdırsan. Əsasən, yoldaşlıq görüşlərinə buraxmaq istəmirdilər.

- Amma bütün rəsmi oyunlara da qatılmırdınız...
- Klubumdan buraxanda həmişə gəlirdim. Bir də var ki, buradan çağırmırdılar. Bu, artıq başqa məsələdir.

- Bəs yığmada bir qol da vura bilməməyinizi nə ilə izah edərdiniz?
- Neyləyək? Belə alındı da... Yəqin, bəxtimiz gətirmədi.

- Millimizin Oserdə Fransaya 0:10 hesabı ilə uduzduğu oyuna nəyə görə gəlməmişdiniz?
- Çağırmamışdılar. Amma Trabzonda 0:2 hesabı ilə uduzduğumuz cavab görüşünün iştirakçısı olmuşam.

- Yığmamızın Fransaya biabırçı hesabla uduzduğunu biləndən sonra reaksiyanız necə oldu?
- Çox pis. Hara gedirdimsə, mənə baxıb gülürdülər. Deyirdilər ki, heç 0:10 hesabı ilə də uduzmaq olar? İstər-istəməz adam biabır olurdu. Amma nə etmək olardı? Belə alınmışdı da...

- Bəs oyuna çağırılmamağınızın səbəbini soruşmadınız?
- Təbii ki, soruşdum. Məni günahkar çıxarmağa çalışdılar. Üstümə düşdülər ki, niyə gəlməmişdin? Amma iş məndə deyildi axı...
0