“Qarabağ” 5 il əvvəlki cəza ilə üz-üzə
04.05.2009 - 16:43
“Qarabağ” 5 il əvvəlki cəza ilə üz-üzə
Azərbaycan Premyer Liqasının XXIV turunda keçirilən “Qarabağ” - “İnter” matçından sonra Ağdamın Quzanlı stadionunda baş verənlər AFFA-nın İntizam Komitəsində müzakirəyə çıxarılacaq. Bu barədə apasport.az saytına qarşılaşmanın AFFA nümayəndəsi Məlik Həsənov məlumat verib. Onun sözlərinə görə, oyundan sonra azarkeşlərin kütləvi surətdə meydana axışaraq qarşıdurma yaratması haqda raport tərtib olunub.

“Təbii ki, baş verənləri raportda qeyd etmişəm. Məsələyə İntizam Komitəsi baxıb uyğun qərar verəcək. Stadionla bağlı cəza qərarının çıxarılıb-çıxarılmayacağını isə deyə bilmərəm. Komitənin qərarı sabah məlum olacaq” - deyə Həsənov vurğulayıb.

Həmçinin, AFFA rəsmisi raportda yazdıqlarının “2008/09 mövsümündə Azərbaycan Premyer Liqası, I divizion və Azərbaycan kuboku uğrunda yarışın əsasnaməsi, nizam-intizam qaydaları və təqvimi”nin cərimələr bölməsinin 28-ci maddəsinin hansı bəndinə uyğun gəldiyini də bildirmək istəməyib. Həsənovun fikrincə, Quzanlıdakı olayların konkret hansı maddənin, hansı bəndinə şamil olunması da İntizam Komitəsinin səlahiyyətindədir.

Həmin 28-ci maddəyə əsasən isə “Qarabağ”ı ciddi cəza gözləyir. Belə deməyə maddədə yazılanlar da əsas verir.

Maddə 28. Əgər stadionda kütləvi nizam-intizamsızlıq baş verərsə, baş vermiş hadisənin dərəcəsindən və xarakterindən asılı olaraq meydan sahibi aşağıdakı cəzalardan birinə məruz qala bilər:
- oyunun azarkeşsiz keçirilməsi və 8 min manat cərimə;
- 30 km radius məsafədən az olmayaraq neytral meydanda oyunun keçirilməsi və 10 min manat cərimə;
- oyunun nəticəsinin ləğv edilməsi və 15 min manat cərimə;
- yarışlardan kənarlaşdırılma.

Quzanlı stadionunda baş verənlərin bu maddələrdən sonuncu ikisinə, yəni ən ağır cəzalara uyğun gəlməyəcəyini indidən söyləmək olar. Digər iki variantdan birinin - Quzanlıda azarkeşsiz oynamaq və ya Bakıdakı Suraxanı qəsəbə stadionunda (hadisə baş verən arena ilə “Qarabağ”ın digər meydanı arasında məsafə 30 km-dən çoxdur) birinə məruz qalmalı olan “Qarabağ”ın cəzadan yayına biləcəyi də istisna olmur. Bəlkə də AFFA yalnız xəbərdarlıqla məsələyə xitam verəcək. Hər şey raportda yazılanlardan asılıdır.

Xatırladaq ki, son illər Premyer Liqada analoji hadisələrə kifayət qədər rast gəlinib. Ötən mövsüm azarkeşlərinin çılğınlığı ilə seçilən “Xəzər-Lənkəran” “Standard”la matçda yaşanan olaylara görə ağır cəzaya məruz qalmışdı. Cənublular 8 min manat cərimələnmiş və 3 oyunu azarkeşsiz keçirməyə məhkum olunmuşdular. Lakin sonradan bu cəza 1 oyunadək azaldılmışdı. Beş il əvvəl isə elə indiki olayın “qəhrəman”ı “Qarabağ” cəzalandırılmışdı. Həmin vaxt “Karvan”la görüşdə azarkeşlərin hakimə hücum çəkmələri Ağdam klubunun növbəti ev oyununu Sumqayıtda keçirməsi ilə nəticələnmişdi.
0