Asif Əliyev: Heç vaxt ana-bacı söyüşü etməmişəm, sadəcə dedim ki... - MÜSAHİBƏ
05.05.2009 - 13:37
Asif Əliyev: Heç vaxt ana-bacı söyüşü etməmişəm, sadəcə dedim ki... - MÜSAHİBƏ
“Bakı” klubunun məşqçisi Asif Əliyevin apasport.az saytına müsahibəsi

- Bu gün AFFA-nın İntizam Komitəsinin haqqınızda çıxardığı qərardan xəbəriniz var?
- Yox. Nə qərar çıxarılıb ki?

- XXIV turda “Simurq”la görüşdə hakimləri təhqir etdiyiniz üçün 4 oyunluq cəzaya və 4000 manat cəriməyə məruz qalmısınız...
- Heç olmasa, 3 oyun verərdilər də. Axı mövsümün sonuna bu qədər qalıb. Yəqin ki, “Bakı”nın ölkə kubokunun finalına çıxmasının mümkünlüyünü də nəzərə alıblar. Eybi yoxdur, mən də öz sözümü deyəcəyəm.

- Nə vaxt?
- Mayın 10-da Bakıya qayıdandan sonra.

- Bəlkə indi deyəsiniz?
- Yox, yoldayam axı. “Qarabağ”la ölkə kubokunda cavab yarımfinal görüşünü keçirəcəyimiz Ağdama gedirik. Sabah orada, 9-da isə Tovuzda Premyer Liqanın növbəti turu çərçivəsində “Turan”la oyunumuz var. Ağdamdan da birbaşa Tovuza yollanacağıq. İnşallah, 10-da Bakıya qayıdan sonra İntizam Komitəsinin üzvlərinə öz sözümü deyəcəyəm.

- Yəni haqqınızda çıxarılan qərarı haqsız sayırsınız?
- Bəli. Bu, düzgün qərar deyil.

- Qərarda belə cəzaya məruz qalmağınız oyunun 81-ci dəqiqəsində hakimləri təhqir etməyinizlə əlaqələndirib. Belə hərəkətinizə səbəb nə olub?
- Bilirsiniz, gərgin keçən oyunda adam istər-istəməz əsəbi olur. Hamı nəticə qazanmaq üçün əziyyət çəkir. Mən ana-bacı söyüşü etməmişəm. Hakimlərin ünvanına təhqiramiz ifadələr də işlətməmişəm. Sadəcə, “Simurq”un futbolçuları kobud oynayır, arxadan zərbə vururdular. Belə epizodların birində hakimin cərimə zərbəsi təyin etməməyi məni hövsələdən çıxartdı. Ehtiyat oyunçular skamyasından qalxıb dedim ki, ay Fariz, təmiz hakimlik et də. Vəssalam, sözlərim bu olub. Ancaq “Simurq”un ukraynalı baş məşqçisi Roman Pokora iki hissə boyu söyüş söysə də, ona heç nə deyilmədi. Ehtiyat hakim də cavan idi, ona bir söz deməyərək, məni “texniki zona”dan çıxartdılar.

- Pokora ilə aranızda nə problem yaranıb ki?
- Mənim onunla problemim yoxdur. Düzdür, Pokora deyir ki, mən Ukrayna futbolunu təhqir etmişəm. Amma əslində, gözünün içinə kimi yalan danışır. Pokora kimdir ki, mən ona görə Ukrayna futbolunu təhqir edim.

- Deyəsən, oğlunuz Vasif Əliyev vaxtilə “Simurq”a keçmək variantı olsa da, bu, baş tutmayıb. Bəlkə buna görə Pokoranın aranızda münasibətlər pozulub?
- Vasif hələ “Qəbələ”də oynayanda “Simurq”a keçmək variantı var idi. Bu, hələ Əbdülqəni Nurməmmədov komandada işləyən zaman idi və Pokora onu götürmək istəyirdi. Vasif də həmin vaxt olimpiya yığmasında çıxış edirdi. Oğlum 17 və 19 yaşlılardan ibarət yığma komandalarımızda da oynayıb. Özü də solaxay futbolçudur. “Simurq”a da yarımmüdafiənin sol cinahında oynaya bilən belə futbolçu lazım idi. Ancaq son anda Pokora dedi ki, “Qəbələ”yə bir futbolçu verək, əvəzində Vasifi götürək. Mən də buna razılıq vermədim və transfer reallaşmadı.
0