“Barselona” da qalmaqallı hakimdən şikayət etdi
08.05.2009 - 12:10
“Barselona” da qalmaqallı hakimdən şikayət etdi
Çempionlar Liqasının yarımfinal mərhələsinin qalmaqallı “Çelsi” - “Barselona” oyunu qonaqların da narazılığına səbəb olub. Apasport.az saytının məlumatına görə, norveçli hakim Tom Henninq Evrebenin bərbad idarəçiliyindən dəhşətə gələn ingilislərin ardından ispaniyalılar da etiraz səsini ucaldıb.

Maraqlıdır ki, ilk oyundakı qolsuz heç-heçədən sonra səfərdəki 1:1 hesabı sayəsində finala vəsiqə qazanan “Barselona”da hakimdən gileylidir. Kataloniya təmsilçisi artıq UEFA-ya şikayət də edib. Onların apellyasiya verməyinə isə Evrebenin göstərdiyi vərəqələr səbəb olub.

Belə ki, sarı vərəqə ilə cəzalanan Danni Alveş və birbaşa qırmızı almaqla meydandan qovulan Erik Abidalın finalda oynamamağı ispaniyalıları ciddi qayğılandırır. Həmin vərəqələrin düzgün göstərilmədiyini düşünən kataloniyalılar hər iki cəzanın ləğv olunmağına nail olunmaq istəyir. Hakimlərin göstərdiyi vərəqələrin ləğv olunmağı UEFA-nın qaydalarına zidd olsa da, “Barselona” bu prinsipin dəyişməsinə ümid edir.

Onlar mayın 27-də İtaliyanın paytaxtı Romada keçirilən görüşdə iki əsas heyət oyunçusunun yenidən komanda ilə olmağı üçün sonadək mübarizə aparacaq. İspaniya təmsilçisini daha bir məqam ümidləndirir. Digər finalçı “Mançester Yunayted”in də “Arsenal”la görüşdə meydandan qovulan Darren Fletçerə qarşı haqsızlıq edilməsiylə bağlı şikayəti “Barselona”ya belə düşünməyə əsas verir ki, UEFA hər iki komandaya güzəştə gedərək məsələyə müsbət yanaşacaq.
0