Türklər Azərbaycandan dəvət alan məşqçini “Qalatasaray”a gətirir
08.05.2009 - 13:09
Türklər Azərbaycandan dəvət alan məşqçini “Qalatasaray”a gətirir
“Qalatasaray” Hollandiyanın “Alkmaar” komandasıyla mübarizəyə girişib. Apasport.az saytının məlumatına görə, hər gün bir neçə əcnəbinin “Cim-Bom”a keçəcəyi haqda şayiələr yayan türkiyəli həmkarlarımız baş məşqçi Bülənt Korkmaza daha iki xələf tapıblar. Həmin mütəxəssislərin adlarının “Alkmaar”la bağlı olması isə iki komanda arasında qiyabi mübarizənin başlamasına səbəb olub.

Bir neçə gün əvvəl məşhur İspaniya “Real”ından qovulandan sonra işsiz qalan Bernd Şusteri “Qalatasaray”ın yeni baş məşqçisi elan edən Türkiyə mətbuatının həmin iddiası nisbətən inandırıcı görünürdü. Bu dəfə isə həmkarlarımız daha maraqlı iki iddianı ortaya qoyub.

Birincisi, “Alkmaar”a Hollandiya çempionluğu qazandıran və bir çox Avropa klubunun hədəfində olan Lui van Qalın “Qalatasaray”dan da təklif aldığı, lakin mütəxəssis üçün “Cim-Bom”un ehtiyat variant olduğu bildirilir. Guya ki, “Bavariya”dan daha çox cəlbedici dəvət alan mütəxəssis Almaniyaya getmək istəməzsə, İstanbula üz tutacaq. Bu halda, “Qalatasaray” “Alkmaar”ı məşqçisiz qoyacaq.

İkinci iddia isə daha nisyə görünür. Bu, Qalın “Alkmaar”ı atıb “Bavariya”nı seçəcəyi hal üçün nəzərdə tutulub. Belə vəziyyətdə Hollandiya çempionu Ko Adrianseni baş məşqçi postuna gətirməyi planlaşdırır ki, bu yöndə də qarşısında “Qalatasaray”ı görəcək. Daha məşhur mütəxəssisi üçüncü tərəfə uduzan bu iki komanda Adrianse üçün mübarizə aparacaq.

Qeyd edək ki, məşqçilik karyerasının zirvəsi “Alkmaar” və Portuqaliyanın “Porto” klubları ilə bağlı olan Adrianse ötən il Azərbaycanda çalışmaq təklifi aldığını demişdi.
0