Dünya çempionatının himnini reper oxuyacaq
13.05.2009 - 13:05
Dünya çempionatının himnini reper oxuyacaq
2010-cu ilin iyununda Cənubi Afrika Respublikasında (CAR) keçiriləcək dünya çempionatının himnini amerikalı reper Eykon oxuyacaq. Apasport.az saytının məlumatına görə, Seneqal əsilli Aliuaun Tiam FİFA-dan bununla bağlı müraciət alıb. Ali futbol qurumu müğənnidən qarşıdakı dünya çempionatında musiqi kuratoru olmağı xahiş edib.

Bununla da Eykon nəinki mahnı yazacaq, həm də dünya çempionatının açılış mərasimində çıxış etməklə, musiqi müşayiət edəcək. Reper etiraf edib ki, ona göstərilən belə münasibətə görə şərəf hissi duyur. Eykonun dünya çempionatın himni kimi məhz hansı mahnını yazacağı məlum deyil. Musiqiçi yalnız onu qeyd edib ki, mahnının yazılışına peşəkar futbolçuları çağırmayacaq. Eykon bir çox tanınan futbolçular, o cümlədən Devid Bekhemlə tanışdır. Eykon onu da bildirib ki, dünya çempionatında meydan sahibləri – yəni CAR yığmasına azarkeşlik edəcək.

Qeyd edək ki, milli komandamız da gələn il keçiriləcək dünya çempionatının seçmə mərhələ oyunlarında iştirak edir.
0