AFFA-nın baş katibi UEFA kubokunun finalına dəvət olunub
14.05.2009 - 23:01
AFFA-nın baş katibi UEFA kubokunun finalına dəvət olunub
AFFA-nın baş katibi Elxan Məmmədov İstanbulun “Şükrü Saracoğlu” stadionunda keçiriləcək UEFA kubokunun final matçını izləyəcək. Apasport.az saytının məlumatına görə, bununla bağlı UEFA-dan Məmmədova xüsusi dəvət göndərilib. “Verder” (Almaniya) və “Şaxtyor” (Ukrayna) klubları arasında həlledici görüş mayın 20-də oynanılacaq.

Baş katib apasport.az saytına açıqlamasında səfər proqramının dəqiqləşmədiyini bildirib: “Adətən hər il final öncəsi UEFA-ya üzv olan assosiasiyaların baş katiblərinin iclası təşkil olunur. Bu il analoji tədbirini keçirilib-keçirilməyəcəyi dəqiq deyil. Çünki hələ də proqram bizə göndərilməyib”.

Həmçinin, Məmmədov mayın 27-də oynanılacaq Çempionlar Liqasının final matçına dəvət alacaqlarını vurğulayıb: “Çox güman ki, hər il olduğu kimi, bu dəfə AFFA-nın prezidenti və baş katibinə dəvət göndəriləcək”.

Qeyd edək ki, Çempionlar Liqasının finalında “Mançester Yunayted” və “Barselona” klubları qarşılaşacaqlar. Oyun Roma Olimpiya stadionunda baş tutacaq.